Kanada rusiyalı oliqarx Roman Abramoviç də daxil olmaqla, 5 Rusiya vətəndaşına sanksiya tətbiq edib. Həmçinin 32 rus şirkəti və dövlət qurumunun Kanadadan müdafiə ləvazimatları və ya təchizat alması dayandırılıb.
Teleqraf.com xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Trüdo deyib.
O bildirib ki, Kanada əməliyyatlarından Abramoviçin ən böyük pay sahibi olduğu Rusiyaya məxsus ikinci nəhəng polad istehsalçısı olan "Evraz" təsirlənməyəcək: “Rusiya məmurlarına və Abramoviç kimi oliqarxlara qarşı sanksiyalar Kanadadakı iqtisadi fəaliyyətdən və ya sərmayə qoyduqları şirkətlərdə çalışan kanadalıların ağır əməyindən faydalana bilmədiklərinə görə onlara qarşı yönəlib. Hökumət Ukraynaya kömək etmək üçün bütün variantları nəzərdən keçirir. Həmçinin Rusiya işğalından qaçan ukraynalıların hava yolu ilə təxliyəsi də daxil olmaqla, kömək üçün daha çox şey etmək planlaşdırılır”.
Kanadanın ticarət qadağası qoyduğu 32 Rusiya şirkəti müdafiə sənayesi sahəsində fəaliyyət göstərir.
Qeyd edək ki, İngiltərənin "Çelsi" futbol klubunun sahibi olan Abramoviç Kanadada fəaliyyət göstərən polad şirkəti “Evraz”da 28 faiz paya malikdir.