“Rusiyaya tətbiq etdiyi 4-cü sanksiyalar paketi ilə Qərb ölkələri şimal qonşumuzdan bir sıra məhsulların idxalını qadağan etdi. Bu arada Rusiya da bəzi ərzaq, o cümlədən taxil və şəkərin ixracatını payızadək dayandırıb. BMT isə qlobal bazarda qiymət artımlarının davam edəcəyini bəyan edib. Təşkilatın hesablamalarına görə, dünya bazarında ərzaq məhsullarının qiymətləri növündən asılı olaraq ən azı 8-22 faiz intervalında yüksələcək”.
Bunu Teleqraf.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi artıq regionda, eləcə də qlobal bazarda qiymət artımların səbəb olub: “Həmçinin Rusiyanın özündə də bir sıra ərzaq məhsullarının qıtlığı müşahidə olunur. 2021-ci ildə olduğu kimi bu ildə də dünya bazarında yüksək qiymət artımlarının olacağı proqnozlaşdırır.
Rusiyaya tətbiq olunan sanksiyalar və eləcə də bir sıra ölkələrin ərzaq məhsullarının ixracatındakı qadağalar ərzaq təhlükəsizliyi və təminatı məsələsini daha da aktuallaşdırır. Azərbaycan da bir sıra ərzaq məhsullarının əhəmiyyətli hissəsini xaricdən alır və bu baxımdan idxal inflyasiyası qaçılmazdır. Bu kontekstdən əsas strateji ərzaq məhsullarına olan tələbin yerli istehsal hesabına ödənilməsi, xüsusən də işğaldan azad olunan ərazilərimizin məhsuldar torpaqlarının daha qısa zamanda əkin fonduna daxil edilməsi vacibdir.
Görünən odur ki, dünya bazarına qiymət artımları ilə yanaşı bəzi ərzaq məhsullarının qıtlığı problemi hələ uzun müddət davam edəcək”.