“Martın 15-də təməli qoyulmuş Qaradağ Günəş Elektrik Stansiyası istismara veriləndən sonra alternativ və bərpa olunan enerji əhali xəttinə qoşulacaq. “Yaşıl enerji”nin tarifləri isə mövcud elektrik enerjisinin qiymətlərindən fərqlənməyəcək”.
Bunu Teleqraf.com-a enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.
Ekspert qeyd edib ki, 2015-ci ildə Paris İqlim Sazişi çərçivəsində dünya birliyinin digər üzvləri ilə yanaşı, Azərbaycanın da karbon dioksid (CO2) emissiyalarının mərhələli şəkildə azaldılması ilə bağlı öhdəlikləri var: “Ölkəmiz 2030-cu ilədək enerji balansında “yaşıl enerji”nin iştirak payını 30 faizə yüksəltməyi hədəfləyir. Paralel olaraq 2021-i ildə BMT-nin xətti illə Şotlandiyada keçirilən 26-cı iqlim sammitində də Azərbaycan dünya birliyinin digər ölkələri ilə metan emissiyalarının azaldılması ilə bağlı öhdəlik sazişinə imza atıb. Yəni ortada yeni iqlim hədəflərinin müəyyən edilməsi ilə bağlı öhdəliyimiz var. Bu baxımdan ölkənin mövcud alternativ və bərpa olunan enerji mənbələrindən potensial istifadə etmək imkanları qarşıdakı illərdə enerji siyasətində müəyyən etdiyimiz hədəflərdən biridir. Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) “Masdar” şirkətləri ilə Energetika Nazirliyinin arasında bir il öncə imzalanan öhdəlik sazişi çərçivəsində Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulması bu hədəflərə doğur atdığımız addımlardan biridir. Bu hadisə ölkənin enerji sektorunda mühüm hadisələrdən biridir. Layihənin 18 ay müddətində sənaye istismarına verilməsi gözlənilir. Mütəxəssislərin hesablamalarına görə, Qaradağ Günəş Elektrik Stansiyası istismara veriləndən sonra təxminən 110 min mənzil “yaşıl enerji” ilə təmin ediləcək. Bu təminat da 1 il bundan öncə imzalanmış sənəd əsasında öz həllini tapacaq.
Birinci, elektrik enerjisinin alqı-satqısı, ikinci, “yaşıl enerji”nin şəbəkəyə, yəni əhali xəttinə qoşulması ilə bağlı imzalanmış müqavilələrdir. Bu saziş çərçivəsində əhali xəttinə qoşulmuş “yaşıl enerji”nin tarifi də Tarif Şurasının müəyyən etdiyi qiymətlər çərçivəsində nizamlanacaq.
Yeni enerji keçidi ilə bağlı alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı bütün dövlətlər öz qanunvericiləri çərçivəsində müəyyən güzəştlər edirlər. Martın 15-də Qaradağ Günəş Elektrik Stansiyasının təməl qoyma mərasimində energetika naziri Pərviz Şahbazov bəyan etdi ki, “yaşıl enerji”nin tarifləri mövcud elektrik enerjisinin tariflərindən heç bir fərqi olmayacaq. Yəni Tarif Şurasının elektrik enerjisi ilə bağlı müəyyən etdiyi tariflər, eyni zamanda adıçəkilən generasiya şitindən əldə edilən elektrik enerjisinin tarifləri ilə eyni olacaqdır.
Çox güman ki, “yaşıl enerji”yə keçid reallaşanda beynəlxalq standartlara cavab verən yeni ötürücü xətlər də çəkiləcək. Hesab edirəm ki, bu işlər çox yüksək səviyyədə davam etdiriləcək. Çünki qarşıdakı illərdə Azərbaycan həm özünün enerji hədəflərinə doğru addımlar atacaq, həm beynəlxalq öhdəlikləri yerinə yetirəcək, eyni zamanda əhali xəttinə verilən elektrik enerjisinin ötürücü xətlərinin müasir standartlara cavab verməsini təmin edəcək”.
Analitik hesablamalara istinadən bildirib ki, Qaradağ Günəş Elektrik Stansiyası istismara verildikdən sonra təxminən 200 min ton CO2 emissiyası azalacaq: “Azərbaycanda mövcud elektrik stansiyalarının xammalla yüklənməsi təbii qaz vasitəsilə həyata keçirilir. Adıçəkilən elektrik stansiyasının istismara verilməsi, eyni zamanda 110 milyon kubmetr təbii qaza qənaət deməkdir. Qənaət edilmiş həcmlər də Azərbaycanın beynəlxalq ixrac qabiliyyətinin artmasına səbəb olacaq. Bu, yaxın perspektivdə Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsi və Avropaya əlavə qaz həcmlərinin tədarükünü qaçılmaz edir. Bununla bağlı Avropa Komissiyasının Azərbaycan dövlət qurumları ilə davamlı danışıqları aparılır. Fevralın 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısında Avropa Komissiyasının nümayəndələri Azərbaycandan əlavə qaz həcmlərinin əldə edilməsində maraqlı olduqlarını açıq bəyan etmişdilər. Azərbaycanın təbii qaz təchizat zəncirindəki ixrac qabiliyyətinin artırılması Avropanın enerji şaxələndirilməsinə əlavə stimul verəcək, eyni zamanda Avropa İttifaqının enerji təminatında əhəmiyyətli alternativ ola biləcək”.
Zəfər Vəliyevin sözlərinə görə, alternativ enerji sektoru əmək tutumu yüksək olan sektordur və məşğulluğun artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir: “Hazırda həm ənənəvi, həm də alternativ enerji mənbələrinin paralel inkişafı nəzərdə tutulub. Bu sahədə beynəlxalq birlikdə müəyyən fikir ayrılıqları var. Amma dünyanın dayanıqlı enerji təhlükəsizliyini təmin etmək nöqteyi-nəzərindən ənənəvi enerji mənbələrindən birdəfəlik imtina etmək mümkün olmayacaq. Düşünürəm ki, yeni enerji keçidini siyasət yox, qabaqcıl texnologiyalar idarə etməlidir. Ənənəvi enerji mənbələrinin inkişafı uzun bir tarixi proses keçib. Kəşfiyyat, hasilat, nəql və satış seqmentlərində mərhələləri şəkildə ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir. Paralel olaraq alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı ənənəvi enerji mənbələrinin inkişafına təsir göstərməməlidir. Ötən il Avropa və Asiya bazarlarındakı enerji böhranı onu deməyə əsas verdi ki, yaxın və uzaq perspektivdə dünyanın dayanıqlı enerji təhlüksəziliyinin təminatı məsələsində ənənəvi enerji mənbələrinin rolu danılmazdır. Bu baxımdan hər iki sektorun inkişafı paralel aprılmalıdır.
Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafının bir sıra üstün cəhətləri olacaq. Belə ki, ölkə həm enerji təhlükəsizliyini təmin edəcək, həm götürdüyü ekoloji hədəflərə doğru irəliləyəcək, həm də ölkədə yeni texnologiyaların və yeni vərdişlərin formalaşmasına imkan verəcək. Yeni vərdişlər bu sahədə ixtisaslaşan mühəndis, texniki kadrların hazırlanmasına stimul verəcək. Bu isə yeni iş yerləri deməkdir.
2050-ci ilə kimi Azərbaycan özünün həm neft, həm də təbii qaz yataqlarının istifadə nöqteyi-nəzərindən enerji resurslarından maksimum istifadə etməyi hədəfləyir. Ona görə hesab edirəm ki, bu, ölkədə işçi qüvvəsinin azalmasına yox, yeni iş yerlərinin açılmasına şərait yaradacaq”.
Müsahibimiz martın 15-də BƏƏ-nin “Masdar” şirkətləri ilə Energetik Nazirliyinin arasında iki mühüm müqavilənin bağlandığına diqqət çəkib: “Sənədlərdən biri dənizə inteqrasiya edilmiş bərpa olunan enerji sahəsində anlaşma memorandumudur. Bu sənəd özündə geniş bir sahəni əhatə edir. Yəni Xəzər dənizinin enerji potensialından maksimum istifadə etməklə külək parklarının yaradılması və oradan əldə olunan “yaşıl enerji” əsasında “yaşıl hidrogen”in istehsalı, eyni zamanda karbon tutulması və onun saxlanması, eləcə də generasiyadan əldə edilmiş elektrik enerjisinin sənaye və əhali xəttinə ötürülməsi nəzərdə tutulur.
İkinci anlaşma memorandumu da mühüm bir sənəddir. Bu, Qarabağda və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumudur. Məlumdur ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində alternativ və bərpa olunan enerjinin potensialı olduqca genişdir.
Belə ki, günəş enerjisi əsasən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik surəti 7-8 m/s təşkil edir ki, bu da külək enerjisinin istehsalı baxımından çox əlverişlidir. Azərbaycanda yerli su ehtiyatlarının 25 faizinin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı daha əlverişli sayılır.
Bundan əlavə, ötən il Energetika Nazirliyi və BP Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalandı. Paralel olaraq Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilib. Yaxın dövrlərdə bu məsələlər də öz həllini tapacaq”.