Xəbər verdiyimiz kimi, ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FRS - FES) 2018-ci ildən bəri ilk dəfə baza faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 0,25-0,5%-ə çatdırıb.
FRS ABŞ-ın 2022-ci ildə ÜDM-in artımı proqnozunu da 4%-dən 2,8%-ə qədər pisləşdirib, 2023-cü il üçün isə 2,2%-lik proqnozu saxlayıb. 2024-cü il üçün ÜDM artımı proqnozu isə 2% səviyyəsində saxlanılıb.
Eyni zamanda, FED ABŞ-da inflyasiya proqnozunu 2022-ci ildə 2,6%-dən 4,3%-ə, 2023-cü ildə 2,3%-dən 2,7%-ə, 2024-cü ildə 2,1%-dən 2,3%-ə yüksəldib.
Qeyd edək ki, FED-in əvvəlki faiz artımı 2018-ci ilin dekabrında olub və o vaxtdan bəri baza faiz dərəcəsi yalnız azalıb. Son iki il ərzində FED-in uçot dərəcəsi illik 0-0,25% diapazonunda olub.
İqtisadçı Rəşad Həsənov Teleqraf.com-a bildirib ki, FES balanslaşdırılmış humanitar siyasət həyata keçirməyə çalışır.
Ekspert qeyd edib ki, hazırda əsas məqsəd inflyasiyanın cilovlanmasıdır: “Həm ABŞ-da, həm dünyanın əksər ölkələrində inflyasiya sürətlə artır. Qlobal iqtisadiyyat inflyasiya riski ilə üzləşib. Xüsusilə ABŞ-da inflyasiyanın indiki həddi o cəmiyyət üçün iqtisadi münasibətdə qəbulolunan deyil, məqsəd də bunu tənzimləməkdir. Bu da dünya bazarlarında dolların bahalaşmasına səbəb olur. Bu proses Rusiyanın Ukraynanı işğal cəhdi nəticəsində yaranıb. Bir sıra hallarda həm iqtisadi, həm siyasi münasibətlərdə gərginlik yarananda investor daha çox dollara üstünlük verir. Burada bir bahalaşma dalğası var idi. Növbəti təsir isə FES-in qərarı ilə formalaşır.
Bu gün informasiya dövrüdür və FES-in qərarı əvvəlcədən proqnozlaşdırılan olduğu üçün onun qəbul edəcəyi qərarları da bazarlar əvvəlcədən dəyərləndirdi. Məsələn, ötən gün qərar qəbul olunanda bazarda kəskin volatillik yox idi. Çünki artıq investorlar bu qərarı dəyərləndirmişdi və hansı istiqamətdə olacağını bilirdi. FES-in növbəti 3-4 artım qərarı gözlənir, bundan sonrakı qərarların kəskin effekti yoxdur. Təbii ki, bunların da öz təsiri olacaq, amma bugünkü qərarın təsirlərini demək olar ki, əksər bazarlar qiymətləndirib”.
Rəşad Həsənov deyir ki, FED-in ABŞ-da inflyasiya proqnozunu cari ildə 2,6%-dən 4,3%-ə yüksəltməsi hökumətin siyasətindən asılıdır: “FES-in indiki yanaşmasını qismən doğru hesab edirəm. Doğrudur, rəqəmlər gözləntilərin altındadır. Böyük ehtimalla cari ildə ABŞ-da inflyasiya 4,3% yox, təxminən 6 % olacaq. Ötən il inflyasiya 7%-ə yaxın oldu.
Təbii ki, burada FES özü qəbul edəcəyi qərarların da təsirini qiymətləndir. Çünki FES bu il daha sərt humanitar siyasət həyata keçirəcək. Bazardan vəsaitlərin geri çəkilməsi prosesi başlayıb. Ötən gündən etibarən uçot dərəcəsinin artırılması prosesinə start verilib. Bu qərarların effekti olacaq. Amma vəziyyət heç də uzunmüddətli dövr üçün proqnozlaşdırılan deyil. Ola bilsin pandemiyanın yenidən alovlanması və yaxud da Rusiyaya tətbiq edilən sanksiyaların təsirlərinin şaxələnməsi, prosesin uzun çəkməsi, hər hansı üçüncü bir ölkənin müharibəyə cəlb olunması və sair səbəblərdən faktiki olaraq istehsal sahəsində fasilələr daha da dərinləşə bilər.
Eyni zamanda hökumətlər bəzi hallarda bazara əlavə pul emissiya etmək məcburiyyətində qala bilər. Əgər bazara əlavə pul daxil olarsa, iqtisadi qarşılığı olmayacaq, bu da inflyasiyanı nəzarət olunmayan səviyyədə artıra bilər. ABŞ-da inflyasiyanın nəzarətdən çıxmasının səbəblərindən biri pandemiya dövründə hökumətin əlavə olaraq bazara 4 trilyon dollara yaxın vəsait intervensiya etməsi oldu”.
Analitikin qənaətincə, dolların faiz dərəcəsinin artırılması manat, rubl və türk lirəsi üçün o qədər də mühit formalaşdırmır: “Nəzərə almaq lazımdır ki, manat üçün əsas faktor neftin qiymətidir. Qismən bu istiqamətdə müəyyən çətinliklər yaratsa belə, manata o qədər böyük təsiri olmayacaq.
TL ilə rublda isə vəziyyət fərqlidir. Hazırkı şərtlər daxilində hökumət ciddi şəkildə TL-nin məzənnəsini saxlamaqla bağlı bir mövqe ortaya qoyub, faktiki olaraq bazara müdaxilə edir. Artıq TL bazarı bunu qiymətləndirib.
Rublda isə həm FES-in qərarının, həm də sanksiyaların təsiri var. Ümumiyyətlə, ölkədə valyuta satılmır, birjalar işləmir. Bu isə bazarda yenə də təzyiq yaradacaqdır. Bu bazar hələlik tam olaraq proqnozlaşdırla bilən deyil. Rublun real olaraq kəskin dəyər itirəcəyi hamıya bəllidir”.
Mütəxəssis Ukrayna-Rusiya müharibəsinin Azərbaycana təsirinin artıq hiss olunduğuna da diqqət çəkib: “Hər iki ölkə Azərbaycanın əsas ticarət tərəfdaşları və ənənəvi bazarları idi. 1990-cı illərdən sonra daimi yaşamaq üçün Azərbaycandan xaricə köçənlərin hər 100 nəfərdən 72-si bu iki ölkəni seçmişdi. 30 ildən əvvəlki miqrasiyanı da nəzərə alsaq, rəsmi rəqəmlərə görə 100 min, qeyri-rəsmi məlumatlara görə isə təxminən 3 milyon azərbaycanlının Rusiyada və Ukraynada yaşamasından söhbət gedir. Bunun 2 milyon 500 mini Rusiyada, 500 mini isə Ukraynada yaşayır. Bu, kifayət qədər ciddi bir məsələdir. İlkin olaraq böyük miqrasiya dalğası var, hazırda Ukraynada təhlükəsizliklə bağlı bu proses başlayıb. Son məlumatlara görə, 10 min azərbaycanlı ölkəyə qayıdıb. Əmək bazarında işsizlik artacaq, eyni zamanda əməkhaqqı belə aşağı düşə bilər. Çünki təklif çoxalacaq, tələb isə o həddə deyil.
Digər məsələ pul baratları ilə bağlıdır. Ölkədə böyük bir sosial qrup var ki, Rusiyadan, Ukraynadan miqrantların göndərdiyi vəsaitlə dolanırdı. Bundan xüsusilə Lənkəran və Yevlax iqtisadi rayonları çox ciddi təsir görəcək. Çünki Lənkəran iqtisadi rayonunda ailə təsərrüfatlarının hər 100 manat gəlirinin 20 manatı Rusiyadan formalaşırdı.
Müxtəlif hesablamalara görə, il ərzində təkcə Rusiyadan 3 milyard dollara yaxın (5 milyard manat) pul baratları formasında Azərbaycana gəlirdi. Bu, əhalinin ölkə üzrə ümumi gəlirlərinin 10 faizinə yaxın bir rəqəmdir. Bu proses özünü Gəncə və Qazaxda ailə büdcələrinin gəlirlərinin azalmasında təxminən 9-10% göstərəcək. Dağlıq Şirvan kimi rayonlarda demək olar ki, zəif təsiri olacaq.
Digər bir məqam bahalaşma ilə bağlıdır. Bir tərəfdən sanksiyalar fonunda Rusiyada istehsal prosesi pozulur, digər tərəfdən daxili bazarları qorumağa çalışacaq. Həmçinin Rusiyanın əlində olan imkanları o qədər məhdudlaşıb ki, ixrac etdiyi təqdirdə həmin məhsullara kifayət qədər ciddi rüsumlar tətbiq edəcək. Bu isə idxalının hər 100 manatdan 20 manatı Rusiyadan formalaşan bir ölkə üçün bahalaşma dalğası və qıtlıq təzyiqi yaradacaq”.