31 Mart 2022 16:02
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin İtaliyanın baş naziri Mario Draqi və Almaniya kansleri Olaf Şolzla telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremldən açıqlama verilib.

Tərəflər təbii qaz ticarətində rublla ödəniş sistemini müzakirə edib.

Putin Şolzla danışığında Rusiyanın təbii qaz ticarətində rubl ödəmə sisteminə keçmə qərarının təfərrüatlarına diqqət çəkib: “Sazişlərə dəyişiklik edilməsi qərarı Avropa İttifaqı ölkələrinin beynəlxalq hüquq normalarını pozaraq Rusiya Mərkəzi Bankının valyuta ehtiyatlarını dondurması səbəbindən qəbul edilib”.

Kremldən verilən açıqlamada bildirilir ki, telefon danışığında rublla ödəmə sisteminə keçidin Rusiya qazını idxal edən Avropa şirkətləri üçün müqavilə şərtlərini pisləşdirməyəcəyinə diqqət çəkilib. Liderlər iki ölkənin ekspertlərinin bu mövzuda əlavə danışıqlar aparacaqları barədə razılığa gəliblər.

Putin Şolzu İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin apardığı danışıqlar barədə məlumatlandırıb. Həmçinin başda Mariupol olmaqla Ukraynadakı münaqişə bölgələrindən mülki şəxslərin təxliyəsi müzakirə edilib.


Müəllif: Yeganə Oqtayqızı