4 Aprel 2022 22:12
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya-Ukrayna müharibəsində gərginliyin artması səbəbindən Qərb Moskvaya qarşı yeni sanksiyaları müzakirə edir. Avropa İttfiaqının Rusiya qazından imtina məsələsi də müzakirə edilən mövzulardandır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, hazırda Rusiya Avropanın qaz idxalının 45, ümumi istehlakının isə 40 faizini formalaşdırır: “Qədim qitənin qaz ehtiyatları yüksək qiymətləndirilməsə də, Brüssel bu məsələdə daha radikal addımlar ata bilər. Mərkəz və Şərqi Avropa ölkələri qaz ehtiyatları baxımdan daha riskli zona hesab olunur. Mələsən, Çex Respublikasının cəmi 34 günlük qaz ehtiyatları var. Doğrudur, havaların istiləşməsi Avropaya manevr imkanları verir. Bununla belə, azalan və ya imtina edilən idxalı qısa zamanda başqa mənbələr hesabına kompensasiya etmək çox çətindir”.

Vüqar Bayramovun müşahidəsinə əsasən, Rusiya üçün enerji məhsullarının, o cümlədən təbii qaz ixracatı əsas gəlir mənbələrindən biridir: “2021-ci ildə Rusiyanın neft ixracatından gündəlik gəliri 350 milyon dollar olub. Təbii qaz Rusiyaya gündəlik 200 milyon dollar valyuta gətirib. Deməli, söhbət illik 70 milyard dollara yaxın valyutanın itirilməsindən gedir.

Görünən budur ki, tərəflər “va-bank” getməkdən belə çəkinmirlər. Tunelin sonunda isə hələ də işıq görünmür”.


Müəllif: Yeganə Oqtayqızı