4 Aprel 2022 17:31
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ və Böyük Britaniyanın Rusiya neftinə tətbiq etdiyi embarqo və bir çox Avropa neft şirkətinin ölkədəki fəaliyyətlərini geri çəkməsindən sonra gündəlik neft hasilatında təxminən 3 milyon barel azalma gözlənilir. Rusiyada neft hasilatının və ixracının azalacağı gözləntiləri də qlobal dizel tədarükündə potensial böhranın yaranmasına səbəb ola bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Londonun neft məlumatları şirkəti “OilX”ın baş analitiki Nil Krosbi bildirib.

Onun sözlərinə görə, dizelə tələbat xüsusilə ABŞ, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD və ya İƏİT), Avropa və Latın Amerikasında artsa da, neft emalı zavodları bu tələbatı ödəməkdə çətinlik çəkir: “Bu vəziyyət müharibədən əvvəl başlayıb. Müharibədən sonra dizel tədarükündə böyük məhdudiyyətin yaranma ehtimalı artdı.

Gündəlik təxminən 30 milyon barel olan qlobal dizel tələbatının 2 milyon barelini qarşılayan Rusiya gündəlik 5 milyon barel xam neft ixrac edir. Ölkənin dizel, benzin, mazut və nafta kimi neft məhsullarının ixracı isə gündəlik təxminən 3 milyon barelə çatır.

Rəsmi olaraq ABŞ, Böyük Britaniya və bəzi kiçik ölkələr istisna olmaqla, Rusiya neftinə heç bir embarqo qoyulmayıb. Bir çox şirkətlər reputasiya riskini nəzərə alaraq Rusiya neftini almağı dayandırır. Ona görə də hazırda bazar mövcud vəziyyətin real təsirini hələ bilmir”.

Analitik deyir ki, Rusiya ixracatının nə qədər azalacağını və real effekti bir neçə həftədən sonra görəcəyik: “Rusiyanın neft ixracatı gündəlik bir neçə milyon barel azalacağı təqdirdə ilk olaraq ölkədəki neft ehtiyatları dolacaq. Ehtiyatlar dolduğunda Rusiya hasilatı azaltmalı olacaq. Rus neft şirkəti “Transneft” ötən həftə bildirib ki, ölkədə ehtiyat artıqlığı yaranıb. Rusiya nefti infrastrukturun hazırkı hasilat həcmi ilə bağlı problemlər yaşamağa başladığını görürük. Bu, neft hasilatının düşündüyümüzdən daha qısa müddətdə və daha sürətli azalmasına səbəb ola bilər”.

Krosbi vurğulayıb ki, Rusiyanın dizel ixracının sutkada 1 milyon barel azalması qlobal dizel tədarükü üçün böyük itkidir: “İxracın azalmasından ən çox Avropanın neft emalı zavodları təsirlənəcək. Çünki Rusiya neftini daşıyan “Drujba” kəmərilə Mərkəzi və Şərqi Avropanın neft emalı zavodları birbaşa qidalandırır. Bu neftin kəsilməsi həmin neft emalı zavodları üçün eyni həcmdə alternativ tapmaq çox çətindir. Gündəlik 800 min bareldən söhbət gedir. Bu miqdarın tədarük edilə biləcəyi müxtəlif mənbələr çox məhduddur. Bu, birbaşa dizel istehsalına təsir edir”.


Müəllif: Yeganə Oqtayqızı