7 Aprel 2022 09:32
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya təbii qazla yanaşı qeyri-neft məhsulları üçün də rublla ödəniş tələb edəcək. Qərarı oxuyanda ilk yada düşən Azərbaycanın Rusiya taxılından asılılığıdır. 2021-ci ilin nəticələrinə görə, Azərbaycan Rusiyadan taxıl idxal edən əsas beş ölkə sırasına daxil olub. Belə ki, ötən il dördüncü yerdə olan ölkəmiz Rusiyadan 305 milyon dollar dəyərində taxıl idxal edib.

Məlumat üçün qeyd edək ki, Rusiya təbii qaz tədarükü üçün rublla ödənişə aprelin 1-dən başladığını elan edib. Bu qərardan sonra Litva Rusiya qazından imtina edən ilk Avropa ölkəsi oldu. Daha sonra Latviya və Estoniya da analoji qərarı verib.

Maraqlıdır, Azərbaycan hazırda hüquqi bazası formalaşdırılan yeni ödəniş üsuluna keçəcək, yoxsa müqavilələri dayandıracaq?

İqtisadçı-alim Fuad İbrahimov Rusiya rublu ilə hesablaşma prosesini və rublla ödəmək imkanlarını Teleqraf.com-a şərh edib.

O hesab edir ki, hesablaşmalarda rubldan istifadə o qədər də çətin deyil: “Əslində, bu, Qərblə Rusiya arasında olan qarşıdurmanın nəticəsidir. Rusiyanın əlində yeganə alət rtiublla ticarət dövriyyəsini davam etdirməkdir. Bu da rublun dəyərdən düşməsinin qarşısını ala bilən alətdir. Ona görə də bunu Qərbə qarşı bir sanksiya kimi tətbiq edir. Amma rublla ödənişin icra mexanizmində heç bir çətinlik yoxdur. Proses belə gedirdi, tutaq ki, Qərbdən kimsə neft və ya təbii qaz alanda “Qazprom”a, yaxud digər şirkətə pulu müqavilə şərtinə uyğun dollar və ya avroda köçürürdü. İndiki mexanizmlə həmin şirkətlər Rusiya birjalarında aldığı rublu istehsalçı şirkətə köçürəcək.

Rusiyanın beynəlxalq ticarətdə ödənişləri rublla aparması milli valyutasının dəyərdən düşməməsi üçün atılan addımdır. Rusiyaya o qədər sanksiyalar tətbiq olunub ki, rubl sonsuzadək ucuzlaşa bilər. Bu yolla Rusiya maliyyə sektorunu qorumuş olur”.

Fuad İbrahimovun qənatincə, Azərbaycan üçün rublla hesablaşmanın mahiyyəti yoxdur: “Ölkəmiz Rusiya birjasından rubl əldə edib istədiyi idxal məhsulunu ala bilər. Burada Azərbaycan iqtisadiyyatına dəyə biləcək ziyan və baryer yoxdur. Qeyd edim ki, Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalanıb. Bizim üçün bunun nə siyasi, nə də iqtisadi cəhətdən ciddi əhəmiyyəti var. Sadəcə olaraq valyuta mübadiləsində proses bir qədər uzanır. Rublla ödəniş bahalaşmaya yaratmır. Ümumiyyətlə, bahalaşma iki ölkə arasında məhsul satışı dayanarsa baş verər”.

Təhlilçinin sözlərinə görə, digər dövlətlər üçün də rublla ödəniş problem yaratmır: “Rusiya qazından imtina edən ölkələr rublla ödənişlərdə problemdən dolayı yox, siyasi prinsipiallıq səbəbindən bu qərarı verib. Qətiyyətlə deyə bilərəm ki, dövriyyədə problem yoxdur. Burada söhbət siyasi iradədən gedir. Əgər Rusiyaya qarşı sanksiya tətbiq edilirsə, oradan idxal olunan məhsulları dönərli valyuta və ya rublla almağın nə əhəmiyyəti var?! Dolayı yolla bu pul onsuz da Rusiya bazarına gedir.

Rusiya daxili birjalarına xarici alıcıları cəlb etməklə maliyyə sektorunun dayanıqlığını artırır. Rublla xarici ticarətdən imtina edən dövlətlər sadəcə olaraq siyasi prinsipiallıq nümayiş etdirirlər”.

Müqavilə şərtlərinin birtərəfli qaydada dəyişməsinə gəlincə, Fuad İbrahimov bunun kobud pozuntu olmadığını deyir: “Müqavilə şərtlərinin kobud pozuntusu aldığın malın ödənişini həyata keçirməyəndə baş verir. Əməliyyatın növü, vaxtı və yaxud məkanı dəyişilirsə, bu ciddi göstərici deyil. Nəticə etibarilə müqavilə şərtləri yerinə yetirilir. Yəni ödənişin hansı valyutada aparılması müqavilə şərtinin ciddi şəkildə pozulması demək deyil, sadəcə demaqogiyadır. Pulu dəyişəndə məzənnədə qiymət artımı, çətinlik baş vermir, yenə də məhsul çatır. Sadəcə olaraq ödənişdə valyutanın ifadəsi dəyişir. Əslində rublda idxal-ixrac əməliyyatı Qərbə sərf edir”.


Müəllif: Yeganə Oqtayqızı