11 Aprel 2022 12:25
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin Rusiyaya qarşı sanksiyalarını genişləndirilməsinə rəğmən neftin dünya bazar qiymətində son günlər azalma müşahidə edilir. “Qara qızıl” yenə də dünya bazarında müqayisəli yüksək qiymətə təklif olunmasına baxmayaraq, sanksiyalar gözlənilən kəskin qiymət artımlarına səbəb olmadı.

Maraqlıdır, neftin qiymətinin ucuzlaşmasının səbəbi nədir?

Teleqraf.com-un məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, ABŞ Rusiya neftindən imtina etsə də, Avropa İttifaqı (Aİ) bu məsələdə mühafizəkar mövqe nümayiş etdirir.

Deputat qeyd edib ki, Avropa Rusiya enerji məhsullarından imtina üçün qısa zamanda alternativ mənbələr tapmaqda çətinlik çəkir:

“İlkin qiymətləndirmələr göstərir ki, Aİ-da Almaniya Rusiyanın enerji məhsullarından imtina edərsə, bu, həmin ölkədə bir sıra sənaye müəssisələrin dayanması və ya fəaliyyətlərini məhdudlaşdırlması səbəbindən 2.5 milyon nəfər işsizlik yarada bilər.

İkincisi, ABŞ və eləcə də OPEC bazara daha çox neft çıxarmağı hədəfləyir. Beynəlxalq Enerji Akademiyası hətta yaxın zamanlarda bazarda yenidən neft artıqlığının olacağını proqnozlaşdırır. Bu isə neftin qiymətinə həm iqtisadi, həm psixoloji təsir göstərir.

Üçüncüsü, enerji bazarında fyuçə müqavilələri bağlandığı üçün neftindən imtina həmin an bazarda boşluq yaratmır. Bu qərarların qəbul olunduğu zaman bazara ilk növbədə psixoloji təsir göstərir.

Dördüncüsü, sanksiyaların icrasına nəzarət mexanizmi hələ də formalaşmayıb. Əslində bu sanksiyaların tətbiqi ilə bağlı hər zaman müzakirə edilən məsələlərdən olub.

Neftin qiymətinin hələ də müqayisəli yüksək olmasına baxmayaraq, son qiymət azalmaları bir daha təsdiq edir ki, birjalarda hər zaman dalğalanmalar müşahidə edilə bilər. Bu qeyri-neft sektorunun inkişafının əhəmiyyətini artırmaqla yanaşı, neftdən asılılığın azaldılmasının prioritetliyini gücləndirməkdədir”.


Müəllif: Yeganə Oqtayqızı