11 Aprel 2022 13:37
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynaya hərbi təcavüzündən sonra Rusiya banklarına və enerji şirkətlərinə tətbiq olunan sanksiyalar ölkənin beynəlxalq maliyyə sistemindəki mövqeyinə çox ciddi təsir edib. Prezident Vladimir Putinin dost olmayan ölkələrə təbii qazın rublla satışı barədə fərmanı tətbiq olunan sanksiyalardan yayınmaq və rublunun yenidən dünyanın maliyyə sisteminə qaytarılmasını təmin etmək məqsədi daşıyır”.

Bunu Teleqraf.com-a enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.

Ekspert qeyd edib ki, Rusiyanın Avropa ölkələrinin əksəriyyəti ilə bağladığı müqavilələrin bir hissəsi uzunmüddətlidir: “Bu anlaşmalarda idxal olunan təbii qaz dəyəri ya ABŞ dolları, ya da avro ilə ödənişi nəzərdə tutulub. Rusiyanın birtərəfli qaydada bu müqavilələrdən imtina etməsinin sonu Stokholm arbitraj məhkəməsində həll ediləcək.

Rusiya rəsmilərinin rublla bağlı atdıqları addım daxili vəziyyətə hesablanıb. Hazırda “Qazprombank” və Rusiya Milli Bankı ödənişin forma və sxemini ortaya qoyublar. Ödənişlər müqavilə əsasında yenə də dollar və avro vasitəsilə “Qazprombank”a daxil ediləcək. Bankda mədaxil olunan pul həcmləri rubla çevrilərək müvafiq strukturların hesabına köçürüləcək.

Hesab edirəm ki, Rusiyanın birtərəfli qaydada bağladığı müqavilələrdən və götürdüyü öhdəliklərdən imtina edərək şərtlər irəli sürməsi sonda Rusiyanın əleyhinə işləyəcək. Rusiya qazından asılılığı minimuma endirməklə bağlı Dünya Bankının, Beynəlxalq Enerji Agentliyinin, Avropa Komissiyasının, eləcə də Aİ strukturlarının planları var. Qəbul olunan həmin planlar mərhələli şəkildə həyata keçiriləcək. Rusiyanın qaz və ya neft ixracından özünün geosiyasi məqsədlərinə ağırlıq vermək cəhdi bu dəfə baş tutmayacaq”.

Zəfər Vəliyev deyir ki, Rusiya qazından asılı olan dövlətlər əsasən Qərbi Avropa ölkələridir: “Bu ölkələrin hansı addımları atacağını əvvəlcədən demək mümkün deyil. Məsələn, Macarıstan Rusiyanın xeyrinə pozitiv mövqe sərgiləyir, Avstriya müəyyən mövqe ortaya qoyub. Ancaq buna baxmayaraq, qənaətimcə, bu ölkələrin hamısı tutduqları mövqedən imtina edəcəklər. Baltikyanı ölkələr, Polşa Rusiya qazından imtina ilə bağlı mövqe sərgiləyirlər. “Avropanın qaz təchizatı Rusiya olmadan təsəvvür etmək mümkün deyil” fikirləri ilə razı deyiləm. Alternativ variantlar var və bu variantlar işlənməlidir.

Həm Avropa Komissiyası, həm də digər Avropa strukturları alternativ mənbələr olaraq birinci boru kəməri qazının 2021-ci illə müqayisədə əlavə olaraq 10 milyard kubmetr artırılmasını nəzərdə tuturlar. Burada əsasən Norveç, Əlcəzair və Azərbaycanın adı keçir. Əlcəzairdən İspaniyaya və İtaliyaya uzanan iki sualtı magistral boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması nəzərdə tutulur. Əlcəzair tədarük həcmlərinin artırmaq imkanlarına malik olduğunu əvvəlcədən bəyan etmişdi.

İkincisi, Cənub Qaz Dəhlizinin imkanlarından istifadə etmək nəzərdə tutulub. Ehtimal ki, bu il Azərbaycanın Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Yunanıstan, Bolqarıstan və İtaliyaya 10 milyard kubmetrdən çox qaz ixrac etmək imkanı olacaq. Artıq bir neçə aydan sonra Bolqarıstan və Yunanıstanı birləşdirən interkonnektorunda sənaye istismarına verilməsi gözlənilir. Ona görə, Bolqarıstan da rublla ödəniş etməyəcəyini əvvəlcədən bildirib.

Norveç bu il təxminən 115 milyard kubmetrdən yuxarı Avropa bazarlarına qaz ixrac edəcək. Əgər isitmə mövsümünə kimi, problem yaranarsa, o zaman Niderlandın qaz yatağının imklanlarından da istifadə etmək olar”.

Mütəxəssisin sözlərinə görə, bu il mayeləşmiş təbii qaz (LNG) ehtiyatı artacaq: “Keçən il dünya üzrə 380 milyon ton LNG dünya bazarlarına çıxarılmışdısa, bu il 425 milyon tondan artıq olacaq. Bunun təxminən 70 faizi uzunmüddətli müqavilələr əsasında satılan qaz həcmləri olacaq, 30 faizi isə spot bazarlarda satılacaq. Ehtimal ki, bu siyasi məsələ olduğuna görə, onu Avropaya yönəldəcəklər.

Avropa enerji səmərəliliyini artırmaq üçün qazla işləyən istilik elektrik stansiyaların müvəqqəti olaraq kömürə və mazuta keçidini planlayırlar. Düşünürəm ki, istənilən halda Rusiya qazı olmadan da Avropa öz enerji təhlükəsizliyini təmin edə bilər. Amma burada Avropa enerji təhlükəsizliyi və iqlim siyasətində müəyyən kompromislərə getməlidir. Ənənəvi karbohidrogen mənbələrindən daha geniş istifadə etməlidir. Eyni zamanda alternativ və bərpa olunan enerji mənbələrinin imkanlarından da yararlanmaq olar. Külək, hidroelketrik, günəş elektrik stansiyalarının imkanlarından, eyni zamanda Avropada fəaliyyət göstərən atom reaktorlarının maksimum gücündən istifadə etmək lazımdır. Çünki dünya üzrə atom elektrik stansiyalarında mövcud atom reaktorlarının sayı ən çox Avropanın payına düşür”.


Müəllif: Yeganə Oqtayqızı