11 Aprel 2022 15:34
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda rublun möhkəmlənmiş məzənnəsi sünidir. Rusiya Mərkəzi Bankı tərəfindən çox sərt məhdudiyyətlər qoyulub, alış-satışa çətinliklər var, hətta nağd valyuta satışına qadağalar qoyulub, köçürmə yolu ilə alanlara isə 12%-lik əlavə vergi tətbiq olunurdu. Yəni, 100 dolları MB-ın rəsmi məzənnəsi ilə alanda 112 dollar ödəməli idin. MB valyuta qazanan şirkətlərə öz valyuta ehtiyatlarının 80%-ni məcburi satışa çıxarmaq əmri vermişdi. Bütün bunlar Rusiyada süni məzənnə yaratmışdı, “qara bazar” formalaşdırmışdı”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli sanksiyalara rəğmən möhkəmlənən rublun məzənnəsini şərh edərkən deyib.

O qeyd edib ki, ötən həftənin 5-ci günü axşam birja bağlanandan sonra Rusiya MB bəzi məhdudiyyətləri götürdü: “12 faiz valyuta vergisini ləğv etdi, aprel ayının 18-dən sonra vətəndaşlara nağd valyuta satdığına icazə verdi. Hazırda Moskva birjasının açılışında dolların məzənnəsi 7,65% artaraq 81,9 rubla, avronun məzənnəsi 6,25% artaraq 87,87 rubla yüksəlib. Hələ də ciddi məhdudiyyətlər, valyuta qazanan şirkətlərə öz valyutalarının 80%-nin satış məcburiyyəti, hələ də vətəndaşlara ayda cəmi 10.000 dollar alış məhdudiyyəti var. Xaricə də ayda cəmi 10.000 dollar köçürülə bilər, bundan artığına qadağa var, hələ nağd satış ayın 18-də bərpa olunacaq, amma artıq rubl ciddi şəkildə dəyərdən düşməyə başladı”.

Ekspert deyir ki, son həftələr ərzində Azərbaycanda rublun manat qarşısında möhkəmlənməsi çox aktual oldu: “Azərbaycan Mərkəzi Bankı məcburdur ki, Rusiya Mərkəzi Bankının rəsmi məzənnəsinə əsaslansın. Qurum “qara bazar”a istinad edə bilməzdi deyə, süni şəkildə formalaşmış rubl/dollar çarpaz məzənnəsinə görə manat/rubl məzənnəsini elan edirdi. İndi rubl ölkəmizdə manata qarşı da kəskin ucuzlaşacaq, ümumən isə yaxın həftələrdə məhdudiyyətlər azaldıqca dolların Rusiyada rəsmi məzənnəsi 100 rubl və daha artıq olacaq”.

Natiq Cəfərli hazırda inzibati tənzimləmənin, məhdudiyyətlərin ləğv edilməsinin səbəblərini belə izah edib: “Rusiya iqtisadiyyatı dünyaya çox inteqrasiya olunmuş iqtisadiyyatdır. Daxili istehsalları çox azdır, sanksiyalar isə birbaşa ölkəyə müxtəlif mal-məhsul gətirmələrə məhdudiyyət qoyur. Ona görə də Rusiya MB məcburdur ki, biznesin və əhalinin valyutaya çıxışını liberallaşdırsın ki, ölkəyə “boz sxemlərlə” yəni, 3-cü ölkələr vasitəsi ilə və qeyri-leqal mal-məhsul gətirilməsi mümkün olsun”.


Müəllif: Yeganə Oqtayqızı