14 Aprel 2022 17:27
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, aprelin 15-dən etibarən Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd tələbi ləğv edildi. Həmçinin ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd də tələb olunmayacaq.

Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də eyni tələb ləğv olunub.

Qarşıdan yeni turizm mövsümünün gəldiyini nəzərə alsaq, PCR test tələbinin götürülməsi ilə yanaşı, quru sərhədlərinin açılışı da ölkəyə gələn turistlərinin sayının kəskin artmasına səbəb ola bilər. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə ölkənin illik turizm gəlirləri 2,7 milyard dollara yaxın olub. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verib.

Otellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi Teleqraf.com-a PCR test tələbinin ləğvini və bu il turizmdən gözləntiləri şərh edib.

O hesab edir ki, Azərbaycan PCR test tələbini ləğv etməkdə bir az gecikib: “Yoluxma rəqəmləri və ümumi epidemioloji vəziyyət göstərir ki, pandemiya ilə bağlı qoyulan qadağalar çoxdan aradan qaldırılmalı idi. Hazırda bir çox qadağalar ləğv olunsa da, maska ilə bağlı qadağa qalır. Xüsusən qapalı məkanlarda maska tələbinin qalması ağlabatan deyil. Ümumi yanaşsaq, bu qadağaların ləğvi turizmə müsbət təsir göstərir.

Turizm həssas sahə olduğu üçün ona bir çox xarici və daxili amillər mənfi və ya müsbət təsir edir. O cümlədən mədəni, siyasi, sosial və iqtisadi amilləri qeyd etmək olar. PCR testlərin ləğv olunması Azərbaycana üz tutan turistlərin rahatlığına şərait yaradır. Onlar daha az sənədləşmə və əlavə işlərlə üzləşəcəklər”.

Samir Dübəndi hesab edir ki, Azərbaycanın turist mübadiləsinin qarşısını alan başqa səbəblər də var: “Bu, hava nəqliyyatında qiymətlərin yüksək, reyslərin sayının isə az olmasıdır. Xüsusi qeyd etmək lazımdır ki, turizm şirkətləri ilə aviaşirkətlərin danışıqları nəticəsində yaranan çarter reysləri görmürük. Onlar razılaşma əsasında hansısa turizm şəhərləri arasında əlaqə yaradırlar və turistləri daşıyırlar. Turist daşıyan reyslər uzun və qısamüddətli, həmçinin mövsümi xarakterli ola bilər.

Baxmayaraq ki, paytaxtdan başqa Azərbaycanın ətraf regionlarında da beynəlxalq status daşıyan hava limanları var, amma biz onların tam potensialından istifadə etmirik. Hesab edirəm ki, regional hava limanlarına da diqqət yetirməliyik və digər hədəf götürülmüş ölkələrlə əlavə çarter reyslər yaradıb uçuşlar təşkil edə bilərik.

Çarter reyslərdə həm turizm sektorunu təmsil edən tur operatorlarının, həm də aviaşirkətlərin maraqları ortaya çıxır. Beynəlxalq turizm mübadiləsinin rəqəmləri göstərir ki, ən çox yük məhz hava nəqliyyatının, yəni çarter reyslərinin üzərinə düşür”.

Müsahibimiz deyir ki, Rusiya-Ukrayna arasında baş verən hərbi münaqişə regionda turizm sektoruna təsirsiz ötüşməyib: “Hazırda Türkiyə rusiyalı turistlərini qəbul etmək üçün bir sıra imkanlar yaratmağa çalışır. Məlumdur ki, Rusiya vətəndaşlarının gediş-gəlişinə bir çox ölkələr qadağa qoyub. Əgər biz bu situasiyadan məharətlə istifadə etsək, qarşıdan gələn yay mövsümündə əlavə rusiyalı turistləri də ölkəyə cəlb edə bilərik.

Burada Ukrayna turistləri haqqında danışmaq olmaz. Çünki ölkə əhalisi böyük problemlər yaşayır. Bu gün istirahət etmək və ya səyahətə çıxmaq bəlkə də onların ən son planına keçən məsələyə çevrilib.

Hesab edirəm ki, bununla məhdudlaşmaq olmaz. Regionda turist cəlb edə biləcəyimiz ənənəvi ölkələr var. Hansılar ki, Azərbaycanın ənənəvi turizm statistikasında lider olublar.

Məlumata görə, may ayından quru sərhədlərin açılması ilə bağlı qərar qəbul olunacaq. PCR testinin ləğvi ilə yanaşı, quru sərhədlərin açılması gəlmə turizminə müsbət təsir göstərəcək”.

Mütəxəssis hazırda sektoru proqnozlaşdırmağın çox çətin olduğunu vurğulayıb: “Siyasi arenada çalxalanma var, ani vəziyyət dəyişir, bu da son nəticədə turizm mübadiləsinə təsirini göstərir. Əlimizdə olan imkanlardan istifadə etməyə çalışmalıyıq.

Bu gün regionların sosial-iqtisadi inkişafında turizmin payı çoxdur. Bu sahədə müxtəlif turizm növləri var ki, onları inkişaf etdirməliyik. Hazırda regionlarda infrastruktur vəziyyət yaxşıdır. Bir çox yerlərə yollar, su, elektrik və qaz xətləri çəkilib. Həmçinin mehmanxana və çox sayda ictimai iaşə müəssisələri inşa edilib. Doğrudur, pandemiya bunlara böyük bir zərbə vurdu, amma hesab edirəm ki, qurulan infrastrukturdan istifadə etməliyik. Bu işlərdə biznes daha maraqlı olmalıdır. Dövlət bu istiqamətdə yol göstərməlidir, müəyyən məsələləri tənzimlənməlidir.

Regional turizm imkanları koordinasiyalı şəkildə genişlənməlidir. Müxtəlif yeni turizm təklifləri ortaya çıxarmalıyıq. Bu, kompleks işlərdir, burada həm nəqliyyatın, həm regionlarda olan mütəxəssislərin peşə səviyyələrinin rolunu qeyd etmək olar.

Azərbaycanın ərazisində ümumilikdə 10 milli park var. Onlardan istifadə etməklə təbiətlə əlaqədar yeni turizm növlərini də inkişaf etdirməliyik. Ümid edirəm ki, qarşıdakı aylarda turizm bərpa olunan dinamikada inkişaf edəcək”.


Müəllif: Yeganə Oqtayqızı