18 Aprel 2022 16:25
1 655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda pensiyaya çıxma və pensiyanın məbləğinin hesablanması qaydaları dəyişir. Pensiyaların ödənilməsində və hesablanmasında yeni dəyişikliklər “Əmək pensiyaları haqqında” qanunda öz əksini tapıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev dəyişikliklərin detallarını Teleqraf.com-a şərh edib.

O bildirib ki, Azərbaycanda uzun illərdir pensiya islahatları gedir: “2019-cu ilin əvvəlindən başlayaraq Prezidentin fərman və sərəncamları ilə sosial sahədə dərin islahatlar baş verir. Bu islahatların da tərkib hissəsi heç şübhəsiz əmək pensiyaları sahəsində aparılır. Burada əsas məqsəd əmək pensiyalarının təyinatında və ödənişində sığorta prinsiplərinə əsaslanan bir sistem qurmaqdır. Digər məsələ isə vətəndaşlarımızın pensiya təminatına əlçatanlığını yaxşılaşdırmaq, şəffaflığın artırılması və elektron hökumət çərçivəsində avtomatlaşdırma işinin sürətləndirilməsidir.

Qanuna nəzərdə tutulan dəyişikliklər kifayət qədər böyükdür. Ümumilikdə 10 maddəyə 43 dəyişiklikdən söhbət gedir. 12 dəyişiklik qanunun birinci maddəsinə olan dəyişikliklərdir. Burada “şərti əmək pensiyası” və “əməkhaqqındakı sonrakı artımlar” yeni anlayışlardır. Şərti əmək pensiyası anlayışı əsasən belə xarakterizə olunur: Şəxs pensiya yaşına çatmamış, yaxud pensiya hüququ əldə etməmiş dünyasını dəyişirsə, onun müəyyən pensiya kapitalı qalır. Həmin pensiya kapitalı hesablanaraq şərti əmək pensiyası adı ilə onun pensiya almaq hüququ olan ailə üzvlərinə verilir. Yəni azyaşlı uşaqlarına, tələbə və ya əlil övladına, yaxud pensiya yaşı çatmış həyat yoldaşına və s.

Əməkhaqqındakı sonrakı artımlar da onunla bağlıdır ki, bəzi kateqoriya insanlarda maaşdan əlavə digər ödənişlər də var. “Əmək pensiyaları haqqında” Qanuna əsasən, şəxs ona yaşa görə pensiya təyin olunduğu gündən sonra işləməkdə davam edərsə, hər 6 ildən (72 aydan) bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə bölünərək pensiyasına əlavə olunur. Yəni, əgər şəxs pensiyaya çıxandan sonra 6 il işləyirsə, bu təminat xərcləri də 6 ildən sonra onun əmək pensiyasına avtomatlaşdırılımış qaydada əlavə olunur”.

Musa Quliyev hesab edir ki, qanundakı xüsusi dəyişiklik 8-ci maddə ilə bağlıdır: “Bu maddə uşağa görə güzəştli şərtlərlə pensiya verilməsini nəzərdə tutur. Bu vaxta qədər beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ yaranırdı. Yəni pensiyaya tez çıxırdı. İndi bununla yanaşı, qəyyumluğa götürülmüş uşaq sayına görə də qadınların pensiya yaşında 1 il güzəşt olunacaq. Başqa sözlə, valideyn himayəsindən məhrum olmuş uşaqları qəyyumluğa götürüb böyüdən qadınlara daha tez yaşa görə əmək pensiyası hüququ yaranır.

Bu hüquq eyni zamanda kişilər də şamil olunacaq. Əgər kişilər 5 və daha çox uşaq qəyyumluğa götürərsə, yaxud ana vəfat edirsə, ana valideynlik hüququndan məhrum edilirsə və ya həyat yoldaşı ilə nikaha xitam verilirsə, 5 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalar da 5 il tez pensiyaya çıxmaq hüququ əldə edəcəklər.

Güzəştli şərtlərlə əmək pensiyası alan bəzi kateqoriya işçilərdə kişilər və qadınlar arasında unifikasiya aparılmaqla bağlı Qanunun 9-cu maddəsində dəyişiklik var. Məlum olduğu kimi, beynəlxalq təcrübəyə əsaslanaraq kişilərin və qadınların pensiya yaşının bərabərləşdirilməsi ilə bağlı qanun qəbul olunub. İndi kişilərin pensiya yaşı 65-dir, 2026-cı ildə qadınlar da 65 yaşda pensiyaya çıxacaqlar. Güzəştli şərtlərlə pensiyaya çıxanlarda da qadınlarla kişilər arasında unifikasiya həyata keçiriləcək”.

Müsahibimizin sözlərinə görə, ailə başçısını itirənlərin də pensiya hesablanması qaydasında dəyişiklik olacaq: “Xüsusisi şərtlərlə pensiyaya çıxan insanlarda ailə başçısını itirməyə görə pensiya ailənin pensiya almaq hüququ olan digər üzvləri arasında bölünür. Tutaq ki, iki övladı olan qadının həyat yoldaşı dünyasını dəyişir. Kişinin də aldığı 300 manat pensiya ana və uşaqlar arasında bölünərək hərəyə 100 manat olmaqla verilir. Tutaq ki, ana eyni vaxtda pensiya yaşına çatıb, amma pensiya hüququ yoxdur, sadəcə 180 manat sosial müavinət ala bilər. Mövcud qanuna görə, ana həmin sosial müavinəti almaq hüququna malik deyildi. İndi isə o hüquq da anaya verilir. Belə ki, qadın çox olan müavinəti və yaxud pensiyanın həcmi nədirsə, onu alacaq, qalan 300 manat isə uşaqlar arasında bölünərək hərəsinə 150 manat veriləcək. Son nəticədə burada ailənin ümumi gəlirinin artmasına səbəb olan vacib bir dəyişiklikdən söhbət gedir”.

Deputat deyir ki, mövcud qanunvericiliyə əsasən, hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur: "Təklif edilən dəyişikliyə görə, hansısa səbəbdən hərbi xidmətdən kənarlaşan şəxs yenidən hərbi qulluğa qayıdırsa, qulluğa davam etdiyi illərdə topladığı kapital da onun pensiyasının üzərinə hesablanacaq”.

Musa Quliyev əmək müqaviləsinin vacibliyinə də diqqət çəkib: “Kim nə qədər pensiya kapitalı toplayıbsa, pensiya yaşına çatanda da həmin kapital 144 aya bölünür. Bu, ədalətli bir formadır. Yəni çox qazanan çox, az qazanan az pensiya alır. Qanunvericilik də təbliğ edir ki, işçi ilə işəgötürən arasında əmək müqaviləsi bağlansın və pensiya təminatın da həyata keçirilsin. İşçi işdə olduğu vaxt əmək xəsarəti alarsa, icbari tibbi sığortanın imkanlardan yararlana bilsin. Bəzən əmək müqaviləsi bağlansa da, məzuniyyətə getmək, iş saatının tənzimlənməsi, iş yerinin təhlükəsizliyinin qorunması kimi bir sıra məqamlar bu müqavilədə öz həllini tapmır. Son dörd ildə 400 mindən çox əmək müqaviləsi bağlanıb. Əvvəllər insanlar xüsusən iaşə və tikinti sektorunda əmək müqaviləsi olmadan çalışırdılar. İndi bu istiqamətdə kifayət qədər irəliləyiş var və ciddi addımlar atılır.

Hazırda ölkəmizdə əsas problem kənd yerlərində yaşayan fermer təsərrüfatı ilə bağlıdır ki, onlara cüzi bir məbləğdə şərti sığorta haqları ödəyirlər. Onların pensiya kapitalı azdır və gələcəkdə pensiyaya çıxanda da minimum pensiya alacaqlar. Hesab edirəm ki, bunun üzərində düşünmək lazımdır. Qalan məsələlərdə problemimiz yoxdur.

Pensiya sistemi 1 ilin içərisində qurulmur, bunun üçün illərlə vaxt lazımdır. Təxminən 2006-cı ildən başlamışıq pensiyaların fərdi uçot sisteminə, ona görə də sistemin tam oturuşması və pensiya kapitalının formalaşması üçün illər lazımdır”.


Müəllif: Yeganə Oqtayqızı