20 Aprel 2022 11:19
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın taxıl idxalında Rusiya 80-84%, Qazaxıstan 16-20% paya sahib idi. Rusiya məhdudiyyət qoyduqdan sonra idxal payın 46%-ə endirdik, Qazaxıstanın payını isə 54%-ə qaldırdıq. İndi Qazaxıstan da taxıl idxalına məhdudiyyət tətbiq etdi. Bu vəziyyəti qorxulu hal hesab etməyə və ajiotaj yaratmağa gərək yoxdur".

Teleqraf.com xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov bu fikirdədir.

O qeyd edib ki, Azərbaycan ötən ilin eyni dövrü ilə müqayisədə taxıl ehtiyatını artıra bilib: "Digər tərəfdən, dünya taxıl istehsal həcmləri Rusiya və Qazaxıstandan ibarət deyil. Çin 135 milyon tonla birinci, Hindistan 99 milyon tonla ikincidir. Dünya bazarlarına buğda ixrac edən ölkələr sırasına 39,5 milyon tonla Rusiya 3-cü sırada dayanır. Ardınca ABŞ, Kanada, Fransa və digər dövlətlər gəlir. 1-ci yerdə qardaş Türkiyə də var.

Rusiya ilə Qazaxıstan başlarına hələ nələrin gələcəyini bilmədikləri üçün öz ehtiyatlarını artırır və məhdudiyyət tətbiq edirlər. Onların boşaltdığı bazarları tutmağa hazır olan ölkələr isə həmişə var. ABŞ, Fransa, Hindistan və sair. Hindistan artıq Rusiyanın boşaltdığı bazarları tutmaq üçün dünyanın 30-a yaxın ölkəsinə özü müraciət edib. Məlumatlara görə, burada Azərbaycan da var. Hindistan bu fürsətdən istifadə edərək, 99 milyon tonluq istehsal həcmini 112 milyon tona çatdıracağını bildirir".

Analitik hesab edir ki, taxıl alışında narahat olmalı məqamlar da var: "Bu daşınma məsafəsinin uzaqlığıdır, logistik xərclərin artmasıdır. Eləcə də tələbin artması fonunda ixracatçıların ixrac rüsumlarını yüksəltmə riskləridir. Bütün bunlar məhsulun maya dəyərinə oturduğu üçün qiymətlərin bahalaşması qaçılmazdır. Deməli, problem taxıl yox, qiymətdədir.

Həmişə taxıl satan olacaq, amma artan qiymətlər, ələxsus da çörəyin qiymətinin artması sadə insanlar üçün ciddi sosial problemdir. Bu problemi yaranmağa qoymamaq üçün hazırda ən real effekt verəcək addım subsidiya mexanizminin genişləndirilməsi ola bilər. Dövlət bununla artan qiymətləri qarşılaya bilər.

Ən son statistikaya görə 52,7 milyard dollar valyuta (Dövlət Neft Fondu və Mərkəzi Bank) ehtiyatının olması bu gün ölkədə belə problemlərin həlli üçün ən pozitiv amillərdən biridir".


Müəllif: Yeganə Oqtayqızı