22 Aprel 2022 19:13
1 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda pensiya yaşının artırılması bir qədər tələsik və zamanı qabaqlamış addımdır”.

Bunu Teleqraf.com-a iqtisadçı Xalid Kərimli deyib.

Ekspert qeyd edib ki, Azərbaycanda 2017-ci ildə pensiya yaşının artırılmasını nəzərdə tutan "Əmək pensiyaları haqqında" qanun qüvvəyə mindi: “Sənədə görə kişilərin yaş həddi 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2027-ci il iyulun 1-dək tədricən artırılaraq 65-ə çatdırılacaq. Qadınlarla kişilərinin pensiya yaşının eyni olmasında heç bir problem yoxdur. Çünki Azərbaycan cəmiyyətində qadınlar və kişilərə bərabər imkanlar yaradılıb. Qadınların gözlənilən ömür müddəti kişilərdən nisbətən yuxarıdır.

Pensiya yaşının 65-ə çatdırılması dünyada, xüsusən Qərb və Avropa ölkələrinin praktikasına uyğundur. Ancaq bir fərq var, Avropada insanların gözlənilən ömür müddəti ortalama 81,3 yaşın üzərindədir. Azərbaycanda isə insanların ortalama ömür müddəti son illər 73 yaşın üzərindədir. Yəni Azərbaycanda əhalinin orta yaşı 32,3, Avropada isə bu, 43,9 yaşdır. Azərbaycanda əhalinin strukturunda gənclərin payı çoxdur. Lakin ölkəmizdə pensiya yaşı Avropa ilə eyniləşdirilir. Hətta bu günlərdə Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 2035-ci ildə Azərbaycanda gözlənilən ömür müddətinin 78 yaşa çatacağına dair proqnoz səsləndirmişdi. Ümumiyyətlə, pensiya yaşının Avropa ilə, səhiyyə sistemi inkişaf etmiş, həyat şəraiti daha yaxşı olan Qərblə eyniləşdirmək doğru deyil. Gözlənilən ömür müddəti, hətta 2035-ci ildə də Qərbdən dəfələrlə aşağı olacaq”.

Xalid Kərimli hesab edir ki, pensiya yaşının hər il artırılması dövlətin pensiya yükünün və sosial öhdəliklərinin azaldılmasına xidmət edir: “Əhalinin yaş strukturu daha gəncdir, amma buna baxmayaraq pensiya yaşını Qərblə, Avropa ilə eyniləşdirmək vətəndaşların pensiyaya çıxması üçün bir qədər problem yaradır. Azərbaycanda pensiya yaşına çatmış vətəndaş cəmi 8 il pensiya təminatı hüququna malik olur. Amma əgər insan Qərbi Avropada 65 yaşında pensiyaya çıxırsa, ortalama 16-17 il bu pensiya təminatından istifadə edir. Azərbaycanda əhalinin demoqrafik qocalma prosesi son illər davam etsə də, amma bu, hələ də Qərbi Avropadan ciddi şəkildə aşağıdır. Bu baxımdan pensiya yaşının artırılması bir qədər tələsik və zamanı qabaqlamış addım idi. Əhalinin də bu qərardan narazı qalması başadüşülən və qəbulolunandır”.


Müəllif: Yeganə Oqtayqızı