6 May 2022 15:34
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Araz Supermarketlər” şəbəkəsinə maliyyə sanksiyası tətbiq olunub.

Bu barədə Teleqraf.com-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Bildirilir ki,“Araz Supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” reklamının yayılmasında “Araz Supermarket” MMC-nin digər market şəbəkələrinə qarşı haqsız rəqabətə yol verməsi əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edilib.

“Araz supermarketlər şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” başlıqlı reklamda əmtəələrin qiyməti, əldəetmə və ödəniş şərtləri barədə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb. Eyni zamanda həmin reklamda digər bazar iştirakçıları ilə əsassız qiymət müqayisəsi aparılaraq haqsız və qeyri-dəqiq reklama yol verilib. Bununla yanaşı reklam məlumatında digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların olduğu da aşkar edilib.

Qərara əsasən “Araz Supermarket” MMC-yə fəaliyyətində haqsız və qeyri-dəqiq reklam üsullarından istifadə olunmasına yol verməməsi haqqında icrası məcburi olan göstəriş verilib və haqsız rəqabət yol verdiyinə görə MMC-yə 2 milyon 484,6 min manat maliyyə sanksiyası tətbiq edilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər