13 May 2022 17:22
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün SOCAR “Azəriqaz” İstehsalat Birliyi olaraq Bakı şəhərində fəaliyyət göstərən 3 “ASAN Kommunal” mərkəzində, regionlarda xidmət göstərən 14 “ASAN xidmət” mərkəzində abonentlərə 21 növ fərqli xidmət göstəririk. Abonent məmnunluğunun artırılması səbəbi ilə yaxın günlərdə daha bir yenilik abonentlərin xidmətində olacaq”.

Teleqraf.com xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Müştəri xidməti şöbəsinin rəisi Fərid Mustafazadə “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.

Şöbə rəisinin sözlərinə görə, göstərilən 21 xidmətin vətəndaşlar tərəfindən ən çox istənilən 8-i barədə, istənilən şəxs yaxın zamanda elektron xidmət formasında “Azəriqaz” İB-nin rəsmi internet səhifəsinə müraciət edərək heç bir yerə getmədən, vaxt itirmədən gün ərzində həmin xidməti tam şəkildə elektron qaydada geri ala biləcək.

Birliyin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov isə ağıllı sayğacların quraşdırılması və harada istehsal olunması ilə bağlı məlumat verib: “Bu işlərə 2021-ci ildə başlanılıb. İlk növbədə pilot layihə olaraq bu qurğuların hündür mərtəbəli binalarda quraşdırılması təmin olunub. Bu ilk dəfə olduğu üçün heç də asan proses deyil. Burada proqram təminatının qurulması və s. işlər mərhələli şəkildə görülməlidir”.

Rövşən Məhyəddinov bu prosesin ilkin olaraq podratçılar tərəfindən MTK tipli binalarda quraşdırıldığına diqqət çəkib və hələ ki, bu qurğuların xaricdən alındığını da qeyd edib.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev regionlarda hələ də bir sıra təhsil ocaqlarının qazlaşdırılmaması ilə bağlı suala aydınlıq gətirib. Şöbə rəisinin sözlərinə görə, SOCAR “Azəriqaz” İB olaraq bu məsələdə bir sıra problemlə qarşılaşırıq: “Ya sənədləşmə, ya da müraciət formaları düzgün aparılmır. Təhsil Nazirliyi səviyyəsində müraciət daxil olmalıdır və bundan sonra biz həmin məktəbin şəraiti ilə tanış oluruq. Əgər orada qazanxana, standartlara uyğun şərait yoxdursa, SOCAR “Azəriqaz” İstehsalat Birliyi olaraq həmin təhsil ocaqlarının qazlaşdırılmasına ixtiyarımız yoxdur. Orada lazımi şəraitin olmaması istənilən an təhlükə yarada bilər. Baş verə biləcək bədbəxt hadisələrin qarşısını öncədən almaq üçün bu məsələlərə bir az həssas yanaşırıq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər