17 May 2022 12:22
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Bakıda Azərbaycan-Avropa İttifaqı Biznes Forumu keçirilir. Azərbaycanın xarici ticarət dövriyyəsinin 45 faizindən çoxu Avropa İttifaqının payına düşür. Bu ilin ilk rübündə Azərbaycan ixracatının 48.8 faizi İttifaqa üzv olan İtaliyaya göndərilib. İttifaqın Cənubi Qafqaz ilə ticarət dövriyyəsinin 2/3-si isə Azərbaycanın payına düşür”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, tərəflər arasında münasibətlərin daha da dərinləşməsi İttifaqla Azərbaycan arasında son illər müzakirə edilən və tamamlanmaqda olan Tərəfdaşlıq Sazişinin daha qısa müddətdə imzalanmasına səbəb ola bilər: “500 milyon istehlakçısı olan və dünyanın alıcılıq qabiliyyətinin yüksək olduğu bazarlarından hesab edilən Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün qeyri-neft ixracının artırılması və iqtisadiyyatın şaxələnməsi baxımından vacibdir. İxrac istiqamətlərinin şaxələnməsi valyuta daxil olmalarında risklərin minimumlaşdırılması aspektindən də aktualdır.

Azərbaycanın Avropanın, eləcə də regionun enerji təhlükəsizliyinin formalaşmasında rolu artmaqdadır. 2020-ci ilin dekabrından sonra Azərbaycan Avropaya 11 milyard kub metrdən çox mavi qaz nəql edib. Ötən il 43.9 milyard kub metr qaz hasilat edən ölkəmizdə istehsalın bu il daha da artacağı gözlənilir”.

Analitik deyir ki, bu ilin ilk rübündə Azərbaycanda 11,8 milyard kubmetr təbii qaz hasil edilib: “Qazın 3,5 milyard kubmetri Azəri-Çıraq-Günəşli (AÇG) yatağından, 6,4 milyard kubmetri “Şahdəniz”dən, 1,9 milyard kubmetri SOCAR üzrə hasil olunub. Həmin dövrdə xaricə qaz satışı 5,9 milyard kubmetr təşkil edib. Türkiyəyə 2,2 milyard kubmetr, Avropaya 2,6 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac edilib. Türkiyəyə TANAP-la bu müddətdə 4 milyard kubmetrdən çox qaz nəql olunub. Bu o deməkdir ki, bu ilin birinci rübündə Azərbaycan mavi qaz hasilatı 12.0, ixracatı isə 15.3 faiz çoxalıb. Avropaya qaz ixracatı isə 2.4 dəfə artıb.

Bütövlükdə, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri yeni mərhələyə qədəm qoyur. İnanırıq ki, bu əməkdaşlıqdan hər iki tərəf faydalana biləcək”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər