Dünyanın ən böyük buğda istehsalçılarından olan Hindistan ölkədəki iqlim şəraiti və artan inflyasiya səbəbindən məhsul ixracına qadağa qoyub. Rusiya-Ukrayna müharibəsindən sonra buğda tədarükü çətinləşəndə bir çox ölkələr ümidlərini Hindistana bağlamışdı. Bu ölkənin də ixrac qapılarını bağlaması unun qiymətində anormal artım məsələsini aktual müzakirə predmetinə çevirib.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) açıqladığı proqnozlar buğda istehsalı ilə bağlı narahatlıqları bir qədər də artırıb.
USDA-nın proqnozlarına əsasən, 2022-2023-cü il mövsümündə buğda istehsalı Ukraynada (11,2 milyon ton), Avropa Birliyində (1,9 milyon ton), Çində (1,9 milyon ton), Argentinada (2,2 milyon ton), Mərakeşdə (5,5 milyon ton), Hindistanda (1,1 milyon ton), Pakistanda (1,1 milyon ton) - ümumilikdə 24 milyon tona yaxın azalacaq. Qazaxıstanda (1,2 milyon ton), Kanadada (11,3 milyon ton), Rusiyada (4,5 milyon ton), Türkiyədə (1,5 milyon ton), İranda (1,2 milyon ton), Misirdə (0,8 milyon ton) və Braziliyada (0,8 milyon ton) - 21 milyon ton artacaq. Beləliklə bu mövsümdə qlobal buğda istehsalı 4,5 milyon ton azalmaqla 774,8 milyon ton təşkil edəcək.
USDA-nın gözləntilərinə əsasən bu il dünyada buğda istehlakı 3 milyon ton azalmaqla 787,5 milyon ton təşkil edəcək. USDA bu il buğdadan heyvan yemi kimi istifadənin azalacağı, insanların istehlakının artacağını gözləyir. Nəticədə istehlak istehsalı üstələdiyinə görə dünyada buğda ehtiyatları son 6 ildə ən aşağı səviyyəyə - 267 milyon tona düşəcək.
Analitiklərə görə, USDA-nın proqnozları qlobal bazarlarda buğdanın qiymətinin artmasına zəmin yaradıb.
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri toplantısında bildirib ki, Ukraynanın taxıl anbarları doludur və bu anbarların yeni məhsulu qəbul etməsi üçün məhsullar dərhal göndərilməlidir:
“Odessa limanındakı blokadanın aradan qaldırılması ehtimalı da daxil olmaqla, müxtəlif ideyalar var, lakin bu, hələ reallaşmayıb”.
Azərbaycanın da taxıl böhranından təsirlənəcəyi bildirilir.
İqtisadçı Pərviz Heydərov Teleqraf.com-a bildirib ki, taxıl qıtlığı məsələsi Rusiya-Ukrayna müharibəsindən də əvvələ dövriyyədə olub.
İqtisadçı deyir ki, 2020-ci ildə bütün dünyanı bürüyən pandemiya kənd təsərrüfatına da təsirsiz ötüşmədi: “Ötən ilin əvvəlindən etibarən pandemiya şəraiti tədricən aradan qalxdı. Xüsusən idxalçı ölkələr bəyanat verməyə başladılar ki, pandemiya taxıl istehsalına çox böyük zərər vurub, nəzərdə tutulandan daha az məhsul tədarük edilib. Demək olar ki, bütün böyük taxıl istehsalçısı olan ölkələr pandemiyadan yeni çıxdıqları üçün 2021-ci ildə istehsalın əvvəlki həcmdə olmayacağı barədə bəyanat vermişdilər.
İlin sonuna doğru taxılın dünya bazar qiymətləri tədricən artdı. Doğrudur, qiymət artımı əvvəlcə xırda fərqlə özünü göstərməyə başladı, sonradan bu, getdikcə daha da sürətləndi. Çünki həm əvvəlki ildə lazımı səviyyədə məhsul istehsal olunmamışdı, həm də az əkin həyata keçirildiyi üçün 2021-ci il ərzində az məhsul götürülmüşdü. Rusiya, Ukrayna, Kanada, ABŞ, Hindistan hələ keçən ildən taxıl idxalına kvotalar tətbiq etməyə başlamışdılar”.
Ekspert baş verənlər fonunda ötən il Azərbaycan hökumətinin qiymətlərin daxili bazarda tənzimlənməsi üçün bir sıra tədbirlər həyata keçirdiyinə də diqqət çəkib:
“Ölkəyə buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 3 il müddətinə ƏDV-dən azad edildi. Hətta ölkədə taxılçılıqla məşğul olan sahibkarlara dotasiyalar ayırmağa başladılar ki, qiymət qalxmasın. Amma bu çox davam edə bilməzdi. Bütün bu güzəştlərə baxmayaraq bu ilin yanvar ayından taxıl məhsullarının qiyməti artdı. Belə bir böhranlı dövrdə Rusiya-Ukrayna müharibəsi kimi əlavə bir problemin olması taxıl məsələsini daha da aktuallaşdırdı.
Dünyada buğda ixracının 30 faizi Rusiya və Ukraynanın payına düşür. Bu il Ukraynanın taxıl istehsalı ətrafında çox suallar var, müharibə hələ davam edir. Üstəlik Rusiya iqtisadi sanksiyalar altındadır, iqtisadiyyatı tədricən çökür. Bu da o deməkdir ki, Rusiya da əvvəlki kimi taxıl istehsalı ilə məşğul ola bilməyəcək. Bu subyektiv səbəblərə təbii iqlim şəraiti də çətinliklər əlavə edir. May ayı olmasına baxmayaraq hazırda Hindistanla Pakistanda 50 dərəcəyə qədər isti müşahidə olunur. Belə əlverişsiz hava şəraiti taxıl sahələrinə ciddi ziyan vurur.
Bu ilin sonuna qədər ərzaqlıq buğda sarıdan dünyada çox gərgin vəziyyət yaranacaq. Artıq bunun əyani təsirləri hiss olunur. Bu böhrandan ən çox ərzaqlıq buğda idxalından asılı olan ölkələr zərər çəkəcək. İdxal olmasa, bu ölkələrin daxili tələbatını tam ödəmək mümkün deyil. Çox təəssüflər olsun ki, bu ölkələrin sırasına Azərbaycan da daxildir. Azərbaycanın buğda tələbatının 40-45 faizi idxal hesabına ödənir”.
Bu günlərdə Azərbaycanın İsrailə buğda ixrac edəcəyi ilə bağlı məlumat yayıldı. Bildirilirdi ki, Bakıda keçiriləcək danışıqların əsas mövzularından biri buğdanın İsrailə ixracıdır. Mayın 17-də isə Prezident İlham Əliyev İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Foreri qəbul etdi. Maraqlıdır, Azərbaycanın ixrac potensialı nə qədər realdır?
Pərviz Heydərov deyir ki, ərzaqlıq buğdada Azərbaycan idxaldan asılı vəziyyətdədir: “İsrailə satılacaq taxılın növü məlum deyil. Əslində ölkəmizdə taxılın həcmi çox böyükdür. Amma məsələ ondadır ki, istehsalda əhali üçün xüsusi əhəmiyyət kəsb edən ərzaqlıq buğda növü tam yerli istehsal hesabına ödənmir.
Məlumata görə, İsrail Azərbaycanı kənd təsərrüfatı sahəsində ən son texnologiyalarla təmin etməyə hazırdır. Bununla bağlı iki ölkə arasında razılıq əldə olunub. İsrail ərazi baxımından Azərbaycandan nə qədər kiçik olsa da, aqrar sektoru texnologiyalar hesabına inkişaf edib. Məsələn, onlar az sayda işçi qüvvəsi ilə çox böyük həcmdə məhsul götürə bilirlər. Demək olar ki, kənd təsərrüfatının bütün sahələrində bu metoddan istifadə olunur.
Əgər Azərbaycanın ərzaq təhlükəsizliyin təmin etmək istəyiriksə, işin əsasını ərzaq buğdası ilə təminat məsələsi təşkil etməlidir. Ərzaq təhlükəsizliyi o vaxt təmin olunacaq ki, taxıla olan daxili tələbatın heç olmasa 85 faizi yerli istehsal hesabına təmin edilsin. Dünyada yaranmış vəziyyətdən Azərbaycanın sığortalanması əsla mümkün deyil. Bunu cari ilin yanvar ayında çörəyin və digər un məhsulların qiymətinin artması bir daha sübut etdi. Nə qədər bədbin proqnoz olsa da, bu bir reallıqdır ki, ilin ikinci yarısında, xüsusən də payıza və qışa doğru ölkədə un və un məhsullarının qiymətinin yenidən bahalaşacaq”.