Bakı Biznes Tədris Mərkəzi tərəfindən aqrar sahədə fəaliyyət göstərən sahibkarlar üçün növbəti treninq Qazaxda təşkil edilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Qazax nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması”, “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında təqdimatlar keçirilib, risklərin mahiyyəti, kənd təsərrüfatında risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə iştirakçılara geniş məlumat verilib.
Sonda iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı Ağsu rayonunda və Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda da sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilib.
Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları, kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması, sənayedə brendləşmə, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər mövzularını əhatə edən treninqlərdə Avropa və digər xarici ölkələrə ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Bundan başqa, treninqlərdə www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilib.
Tədbirlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.