OPEK-in üzv ölkələri bu gün Vyanada keçirilən iclasda sutkalıq neft hasilatı kvotasının saxlanılması barədə qərar qəbul ediblər.
Teleqraf.com-un məlumatına görə, neft hasilatı sutkada 30 milyon barel səviyyəsində qalacaq.
OPEK-in baş katibi Abdullah Salem əl-Bədri deyib ki, dünya bazarında neftin qiyməti hazırda aşağı səviyyədədir, lakin bu o demək deyil ki, təşkilat tələsəcək: "Biz gözləməli və bazarın özünü necə aparmasına baxmalıyıq".
Onun sözlərinə görə, neftin qiyməti bazarın fundamental əsaslarına təsir etmir.
Baş katib qeyd edib ki, OPEK-in Rusiya ilə heç bir əməkdaşlığı yoxdur.
Əl-Bədri əlavə edib ki, təşkilatın neft hasilatı kvotasını dəyişməz saxlaması dünya bazarlarında neftin qiymətinin azalmasına cavabdır: "Sutkada 30 milyon barel səviyyəsində hasilat kvotası 2015-ci ilin I yarısınadək saxlanılacaq".
Qeyd edək ki, OPEK-in üzv ölkələri dünya neft tədarüklərinin təqribən 40 faizinə nəzarət edir. OPEK sonuncu dəfə hasilat və ixrac həcmini 2008-ci ildə azaltmışdı. Həmin vaxt qlobal maliyyə böhranı müşahidə olunurdu və dünyada 1 barel neftin qiyməti 147,27 dollardan 32 dollaradək düşmüşdü. Təşkilat həmin il neft hasilatını sutkada 4,2 milyon barelədək azaltmışdı.