20 May 2022 16:57
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakıətrafı qəsəbələrdə sonradan inşa edilən fərdi yaşayış evlərinin, yəni yeni yaşayış massivlərinin qazlaşma işləri əvvəllər dövlət tərəfindən ayrılan maliyyə vəsaiti hesabına icra olunurdu. Lakin 2021-ci ildən bu işlər SOCAR “Azəriqaz” İstehsalat Birliyinin daxili imkanları hesabına həyata keçirilir”.

Teleqraf.com xəbər verir ki, bunu Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyasında deyib.

Onun sözlərinə görə, bu məsələdə mərhələlilik prinsipi qorunmalıdır: “Layihələndirilmiş və nəzərdə tutulmuş xeyli sayda yeni yaşayış massivləri var. Bu səbəbdən də vətəndaşlar mərhələli şəkildə qazlaşdırılma işlərini gözləməlidir. Əgər vətəndaş hansısa bir səbəbdən bu prosesi gözləmək istəmirsə, o zaman fərdi qazlaşma üsulu ilə həmin ərazinin qazlaşdırılmasını həyata keçirə bilər”.

Aksiyada sahibkarların mövcud vəziyyətlə bağlı istehlak etdikləri təbii qaza görə yaranan debitor borcu ödəyə bilmədikləri, belə olan halda isə təbii qaz təminatının dayandırılmasının onlar tərəfindən narazılıqla qarşılandığına dair fikirlər səslənib.

Birliyin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov məsələ ilə bağlı açıqlama verərək bildirib ki, sahibkarların "Azəriqaz" İB ilə görüşlərdə qaldırdıqları əsas problem debitor borcları ilə bağlıdır.

Onun sözlərinə görə, bəzi sahibkarlar ödənişi vaxtında etməkdə çətinlik çəkirlər: "Biz çalışırıq ki, onlara kömək edək. Müəyyən vaxt ərzində ödəyəcəklərinə dair öhdəlik götürürlər. Təəssüf ki, bəzən öhdəliyi də vaxtında yerinə yetirə bilmirlər".

Departament rəisi hər bir halda dövlət müəssisəsinin marağını gözləmək şərti ilə belə vəziyyətlərdə çıxış yolunun tapılmasına səy göstərildiyini də əlavə edib.


Müəllif: Yeganə Oqtayqızı