Buğda ixracını məhdudlaşdıran Hindistan indi də şəkər ixracı ilə bağlı analoji addıma hazırlaşır.
Teleqraf.com xəbər verir ki, hökumət şəkər ixracına 10 milyon ton kvota təyin etməyi planlaşdırır.
Ölkə oktyabr məhsuluna qədər şəkər ehtiyatını adekvat səviyyədə saxlamaq istəyir. Sözügedən qərarın yaxın günlərdə açıqlanması gözlənilir. Hindistanın bu mövsüm 35 milyon ton şəkər istehsal edəcəyi, onun 27 milyon tonunu ölkə daxilinə yönəldəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, Hindistan ərzaq təhlükəsizliyini riskə atdığı üçün keçən həftə buğda ixracına qadağa qoyub. Dehli rəhbərliyi bu addımla ilin əvvəlindən qlobal bazarlarda ən az 40 % artan buğda qiymətinə ölkə daxilində nəzarət etməyi hədəflədiyini açıqlayıb.
Hindistan buğdasını əsasən qonşu ölkələr Banqladeş, Nepal və Şri-Lankaya ixrac edir.