Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı altıncı sanksiyalar paketini hazırlayır. Məlum olub ki, işğalçı ölkədən boru kəməri vasitəsi ilə nəql olunan neftin tədarükü embarqoya düşməyə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Aİ-nin sanksiyalarla bağlı son bəyanat layihəsində deyilir.
Neft embarqosunun bütün detalları ilə bağlı razılığa gələ bilməyən Aİ liderləri paketin yekun təsdiqini sonraya saxlayacaqlar.
Məlumata görə, Aİ liderləri sammitdə razılaşmalıdırlar ki, sanksiyalar paketinə Rusiya neftinin idxalına embarqo daxil edilsin, lakin boru kəməri ilə xam neftin tədarükü istisna edilsin.
“Avropa Şurası razılaşır ki, Rusiyaya qarşı sanksiyaların altıncı paketi xam neftə, o cümlədən boru kəməri ilə tədarük edilən xam neft müvəqqəti istisna olmaqla, Rusiyadan Aİ-yə üzv dövlətlərə tədarük edilən neft məhsullarına şamil olunacaq” - deyə bəyanatda deyilir.
Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermakın verdiyi məlumata görə, Aİ bu gün Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gələ bilər: “Aİ-nin xarici siyasət rəhbəri Cozep Borrellin sözlərinə görə, danışıqlar çətin keçib, lakin qərarlar qəbul edilməlidir, Rusiya neftinə embarqo qoyulmalıdır".
Andrey Yermak həmçinin qeyd edib ki, Aİ-nin güclü mövqe nümayiş etdirməsi vacibdir, çünki Rusiyanın əsas məqsədi birliyi parçalamaqdır. O vurğulayıb ki, buna yol vermək olmaz.