2 İyun 2022 09:05
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın unudulan regional hava limanları ilə bağlı məsələ bu günlərdə Milli Məclisdə bir daha gündəmə gəlib. Deputat Elşən Musayev Zaqatala Beynəlxalq Hava Limanı ilə bağlı deyib: “Zaqatala Hava Limanının bağbanı var, kafesi var, hətta bəlkə pilotu da var, amma təyyarəsi yoxdur”.

Deputat problemin həll olunması üçün hökumətə müraciət də edib.

Maraqlıdır, regionlardakı hava limanlarının potensialından niyə istifadə olunmur?

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski Teleqraf.com-a bildirib ki, məsələ ilə bağlı artıq ona bir neçə jurnalist müraciət edib: “Hələlik qurum məsələyə münasibət bildirməyib, açıqlama olsa, mütləq sizə xəbər edəcəm”.

AZAL sözçüsü müvafiq suallara cavabın nə vaxta hazır olacağı barədə məlumatsızdır.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev Teleqraf.com-a bildirib ki, regional hava limanları Azərbaycan iqtisadiyyatına xeyir gətirmir.

“Elşən Musayev Zaqatalaya təyyarə verilməsini təklif edib? Ümumiyyətlə, həmin aeroportlar regionlarda tikiləndə deputatlar hökumətə heç sual verdimi ki, bu hava limanlarına ehtiyac var, ya yox?! Məsələn, Gəncədə ola-ola, Yevlaxda aeroport açmağa nə ehtiyac vardı? Az qala Azərbaycanın bütün regionlarında – Qəbələdə, Şəkidə, Lənkəranda hava limanları açılıb.

Kiçik bir ölkədə bu qədər aeroport var. İndi də işğaldan azad olunmuş rayonlarda 3 dənə hava limanı tikilir. Bunların hərbi, sərnişin və yükdaşıma əhəmiyyəti nədən ibarətdir? Burada yükdaşımadan danışmaq zatən yersizdir. Turizmi inkişaf etdirmək istəyən ölkədə heç bu qədər aeroporta ehtiyac yoxdur, çünki normal yollar çəkiləndə avtomobillə ölkənin bu başından o başına 3 saata getmək olur. Bu baxımdan “bizim də, aeroportlarımız var” deyib dövlət büdcəsinin vəsaitləri bu istiqamətə yönəldilib”.

Analitikə görə, ölkədə bir çox infrastruktur obyektləri var ki, rentabelli deyil: “Məsələn, ölkə boyu bütün rayon mərkəzlərində olimpiya mərkəzləri tikilir. Sual olunur, 20 ildən çoxdur tikilən idman olimpiya komplekslərinin hər birində neçə idmançı yetişdirilib?! Məncə, nəticədə heç nə yoxdur. Bu baxımdan onların hamısı büdcədə əlavə yükə çevrilir. Yəni aeroport mövcuddursa, onların saxlanması üçün AZAL pul ayırmalıdır. Buna görə də AZAL-ın biletləri ən yüksək qiymətə satılır ki, o öz xərcini-borcunu hətta bununla belə ödəyə bilmir, dövlət büdcəsindən subsidiya alır”.

Azər Mehtiyev hazırda Zaqatala Beynəlxalq Hava Limanının işləməsinə ehtiyacın olmadığını bildirib: “Ümumiyyətə, həmin hava limanının fəaliyyəti dayandırılmalıdır. Onun mahiyyətinin iqtisadiyyata bir faydası yoxdursa, bu aeroportu işlətməyə dəyməz. Bu baxımdan hər bir aeroport, o cümlədən idman olimpiya kompleksləri üzrə dəyərləndirmə aparılmalıdır. Ölkəmizdə istənilən qədər bu cür obyektlər var. Vəsait var, layihələndirilib tikilib, ancaq bunun faydası yoxdur, dövlət büdcəsinə əlavə xərcə çevrilib. Sadəcə kimlərsə işlə təmin olunsun deyə, həmin faydasız obyektlər iş yeri kimi saxlanılır”.

AZAL-ın 2020-ci ildə 2 milyard 183 milyon 79 min manat ekvivalentində borc öhdəliyinə toxunan iqtisadçı, AZAL qarışıq bütün dövlət şirkətlərinin analoji probleminin olduğunu qeyd edib.


Müəllif: Yeganə Oqtayqızı