22 İyun 2022 09:35
1 229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son zamanlarda bütün sahələrdə qiymət artımının sürətləndiyinə şahidik. Xüsusilə gündəlik tələbat mallarının, o cümlədən ərzaq məhsullarının bahalaşması trendə çevrilib.

Əhalinin ən çox istehlak etdiyi məhsul növlərində qiymət artımı nəzərəçarpacaq dərəcədədir. Bu gün ölkə gündəmini şəkər tozunun topdansatış qiymətində artımın olması dəyişdi. Bakıda şəkər tozunun 50 kiloqramlıq kisəsi 75 manata təklif olunur. İndiyədək həmin məhsul 67 manata satılırdı. Bölgələrdə isə 50 kiloqramlıq şəkər tozunun bir kisəsinin qiyməti 50-75 manat arasında dəyişir.

İqtisad üzrə elmlər doktoru Elşad Məmmədov qiymət artımının səbəblərini Teleqraf.com–a şərh edib.

Təhlilçi artımın əsas səbəbini ərzaq məhsullarında ölkənin yarıbayarı idxaldan asılı vəziyyətdə olmasında görür: “Dünya bazarlarında demək olar ki, əksər məhsul və xidmətlərin qiyməti artıb. Bu, monetar amillərlə, yəni pul kütləsinin artımı ilə bağlıdır. Son illər ərzində dolları, avronu və digər aparıcı ehtiyat valyutaları demək olar ki, heç bir sərhəd qoymadan çap edirdilər. Bu, bütün aktivlərin, məhsul və xidmətlərin qiymətinin dünya miqyasında artmasını şərtləndirdi.

Dünya iqtisadiyyatında istehsal böhranı da yaşanır. Bu, həm enerji daşıyıcılarına, həm də ərzaq bazarına aiddir. Bu da dünya iqtisadiyyatındakı qeyri-tarazlıqla bağlıdır. Bu gün demək olar ki, dünya bazarlarında məhsulların, əmtəələrin, xidmətlərin əksəriyyətinin qiymətində kəskin artımların şahidi oluruq. Rəsmi göstəricilərə əsasən, avrozonada inflyasiya 10 faizə yaxınlaşır, ABŞ-da sənaye inflyasiyası 20 faizdən yüksəkdir. Bunlar son nəticədə bütün dünya istehlak bazarlarında əks olunmalı idi və necə ki, biz bunu indi müşahidə edirik”.

Elşad Məmmədovun sözlərinə görə, Azərbaycan inflyasiyadan sığortalana bilməyib: “Ölkəmiz daxili bazarda bahalaşmanın qarşısını ala bilmir. Çünki ölkə idxaldan çox asılıdır. Əgər yerli məhsulların daxili strukturuna nəzər salsaq görərik ki, bu məhsulların istehsalında idxalın xüsusi çəkisi var. Özümüzü aldatmamalıyıq ki, bu məhsullar Azərbaycanda istehsal edilir.

Sözsüz ki, Rusiya-Ukrayna arasında hərbi münaqişənin baş verməsi həm ərzaq, həm də enerji daşıyıcıları bazarına güclü təkanverici təsir göstərir. Hər iki ölkə regionda və dünyada ərzaq seqmentində yüksək paya malikdir. Hesab edirəm ki, yaxın aylarda qiymət artımı bir qədər də dərinləşəcək.

Rusiya ilə Ukrayna eyni zamanda gübrə istehsalı sahəsində aparıcı ölkələrdəndir. Xüsusilə bir sıra önəmli gübrə məhsulları üzrə Rusiyanın payı 30 faizə yaxındır. Nəticədə Rusiyaya qarşı qoyulan sanksiyalar və ölkənin öz ixracatını məhdudlaşdırması kontekstində qiymət artımına şərait formalaşır.

Təəssüf ki, ölkə daxilində inhisarçılıq meylləri, qeyri-sağlam rəqabət mühitinin müəyyən istiqamətlər üzrə olması da inflyasiyanın bir qədər də dərinləşməsini şərtləndirir. Zənnimcə, bir sıra sahibkarlar vəziyyətdən istifadə edərək bazarlardakı inhisarçı imkanlarına söykənərək qiymətlərin bir qədər də artımına gedir. Bunun qarşısını İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən effektiv şəkildə alınmalıdır”.

Analitik düşünür ki, qiymət artımlarının davam etməsi sosial qeyri-tarazlığın dərinləşməsinə səbəb ola bilər: “Bir sözlə, zənginlər daha da zənginləşəcək, kasıblar daha da kasıblaşacaq. Hesab edirəm ki, ölkəmizdə aparılan iqtisadi idarəetmə siyasətinin əsas istiqamətlərindən biri əhalinin əldə etdiyi gəlirlər nöqteyi-nəzərdən qeyri-tarazlıq aradan qaldırılmalıdır.

Təəssüf ki, hazırkı iqtisadi problemlər əhalinin aztəminatlı təbəqəsinə öz təsirini göstərir. Baxmayaraq ki, son illər ərzində sosial müdafiə sahəsində böyük işlər görülür, əməkhaqqıları, pensiyalar artırılır, amma iqtisadiyyatdakı problemlər bu müsbət meyllərə kölgə sala bilər. Ona görə də əhalinin gəlirlərindəki qeyri-bərabərliyin qarşısını almaq üçün mütləq şəkildə yerli istehsalının inkişafına, regional iqtisadi əməkdaşlığın dərinləşməsinə getməliyik.

Bütün bunların nəticəsində müəyyən qədər problemlərin qarşısını ala bilərik. Əks halda inflyasiya bir çox iqtisadi problemlərin daha da qabarmasına şərait formalaşdıracaq”.


Müəllif: Yeganə Oqtayqızı