24 İyun 2022 10:21
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Öz azadlığına yeni qovuşmuş Şuşanın işğal müddətində baxımsız şəhərə çevrilməsi hər yerdə, hər küçədə hiss olunurdu. 28 illik işğal müddətində şəhərdə əksər tarixi abidələr tamamilə dağıdılmışdı. Artıq azad Şuşa yenidən qurulur və bərpa olunur. Şəhərin hər yerində quruculuq işləri, tarixi abidələrin bərpası müşahidə edilir. Müzəffər Ali Baş Komandanımıza və şanlı ordumuza bu tarixi qüruru bizə yaşatdıqlarına görə bir daha təşəkkürümüzü bildiririk. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, təmsil olunduğu komitə və Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin birgə iclası bu dəfə Şuşa şəhərində keçirilib: “İclasda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olundu. Bu məsələnin Şuşada müzakirəsi həmçinin rəmzi xarakter daşıyırdı. Çünki dövlət büdcəsinə edilən yeni dəyişikliklərdən sonra işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün bu il əlavə olaraq 470 milyon manat ayrılacaq.

Bu isə o deməkdir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasına yalnız son 2 ildə dövlət büdcəsindən 4 milyard 870 milyon manat vəsait ayrılır. Azərbaycan heç bir xarici yardım olmadan, yalnız daxili maliyyə mənbələri hesabına işğaldan azad olunan əraziləri qurur və bərpa edir. 2 il ərzində işğaldan azad olunan ərazilərin bərpasına büdcədən 5 milyard manata yaxın vəsaitin ayrılması bir daha Azərbaycanın gücünü göstərir.

Sürətli bərpa və yenidənqurma, ərazilərimizin minalardan təmizlənməsi bir daha təsdiq edir ki, məcburi köçkünlər daha qısa müddətdə öz ata-baba yurdlarına qayıdacaqlar. Kütləvi böyük qayıdış uzaqda deyil”.


Müəllif: Yeganə Oqtayqızı