4 İyul 2022 16:11
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçdə enerji sektoru işçiləri tətil edəcəklərini elan etdikdən sonra Avropada qazın qiyməti təxminən 7 faiz artaraq 157 avroya çatıb.

Teleqraf.com xəbər verir ki, Hollandiyada yerləşən virtual təbii qaz ticarət məntəqəsi olan TTF-də satılan avqust ayı qaz fyuçers müqaviləsinin qiyməti iyulun 1-də meqavat-saat üçün 147 avro səviyyəsində bağlanıb.

Norveç Neft və Qaz Assosiasiyasından verilən açıqlamaya görə, ölkədəki energetika işçilərinin əksəriyyətini təmsil edən həmkarlar ittifaqları maaşlarla bağlı razılığa gələ bilmədikləri üçün tətil edəcəklər.

Sabah üç dəniz obyektində tətil başlayacaq və həll tapılmasa, iyulun 6-da daha üç sahədə iş dayandırılacaq. Bu yataqlarda tətilin başlaması ilə ölkənin təbii qaz hasilatı gündəlik neft ekvivalentində 292 min barel azalacaq. Bu da təbii qaz ixracının 13 faiz azalması deməkdir.

Digər tərəfdən, neft hasilatında gündəlik 130 min barel itki olacağı hesablanır.

Avropa üçün əhəmiyyətli təbii qaz tədarükçüsü olan Norveçin verdiyi açıqlamadan sonra təbii qazın meqavat-saat qiyməti bu gün saat 12.15 etibarilə əvvəlki bağlanışla müqayisədə 6,8 faiz artaraq 157 avroya yüksəlib.


Müəllif: Yeganə Oqtayqızı