6 İyul 2022 23:28
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın Rusiya qazını almaqdan başqa çarəsi yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Yaponiyanın böyük yükdaşıma şirkəti olan Mitsui OSK Lines-in prezidenti Takeşi Haşimoto “Financial Times” qəzetinə müsahibəsində bildirib .

Onun sözlərinə görə, Yaponiya enerji qiymətlərinin kəskin artması və nüvə enerjisi sahəsində imkanların məhdud olması səbəbindən Rusiyadan LNG (mayeləşdirilmiş təbii qaz) idxalını dayandıra bilməz.

Mitsui OSK rəhbəri vurğulayıb ki, Yaponiya tərəfi ilə uzunmüddətli müqavilələr əsasında Rusiya yanacağı ucuz başa gəlir.

Asiya ada dövlətinin Rusiya LNG idxalını dayandırmaq istəməməsinin əsas səbəblərindən biri də budur. Ümumilikdə Yaponiyanın idxalında Rusiya qazının payı 10% təşkil edir.

İyunun 30-da Rusiya prezidenti Vladimir Putin “Saxalin-2” neft-qaz layihəsinin operatoru olan “Saxalin Energy”nin dövlət mülkiyyətinə verilməsi haqqında fərman imzalayıb. Yaponiya hökuməti Rusiya MMC-nin Saxalin-2 layihəsinin operatoru olması qərarının onun hüquqlarını pozmayacağına ümid etdiyini bildirib.

İyulun 6-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Yaponiyanın Rusiyaya qarşı mövqeyi son dərəcə qeyri-dostdur və bu, ölkələr arasında dialoqa mane olur.


Müəllif: Teleqraf.com