2 Avqust 2022 13:30
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qlobal sanksiyalar artıq Rusiya iqtisadiyyatına təsir etməkdədir. Şimal qonşumuzda bu ilin ikinci rübündə ÜDM 4.3 faiz azalıb. Rusiya Mərkəzi Bankının proqnozuna görə, üçüncü rübdə sanksiyalara məruz qalan iqtisadiyyat daha 7 faiz kiçiləcək”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, bir ay öncə rəsmi məzənnədə dollara nisbətən kursu 57 rubl olan Rusiya valyutası 7 faizə yaxın dəyər itirib: “Hətta rəsmi kursda belə, rublun ucuzlaşmasının qarşısını almaq mümkün olmayıb. Rusiyanın enerji gəlirlərində hələlik kəskin azalmalar olmasa da, investisiyanın ölkəni tərk etməsi real sektora təsirsiz ötüşmür.

Bəzi sanksiyalar əvvəl bağlanmış müqavilələr səbəbindən bu ayın sonunda qüvvəyə minəcək. Bu isə o deməkdir ki, növbəti aylarda Rusiya iqtisadiyyatında daha çox geriləmələr müşahidə olunacaq. Məhz rəsmi proqnozlar da bunu təsdiq edir”.

Vüqar Bayramov qeyd edib ki, Avropa İttifaqı Rusiyadan neft alışını ilin sonunadək 92 faiz azaltmaq niyyətindədir: “Təbii qaz verilişində çətinliklər dərinləşir. Bu isə Rusiyaya daxil olan valyutanın həcminə təsir göstərəcək. Payızdan idxalın artması fonunda yenidən xarici valyutaya tələbin yüksələcəyi gözlənilir. Bu isə təbii ki, rublun məzənnəsinə təsirsiz ötüşmür.

Öncədən proqnozlaşdırıldığı kimi, sanksiyaların Rusiya iqtisadiyyatına təsirləri qısa deyil, daha çox orta və uzun müddətli dövr üçün dəyərləndirilir. Dünya iqtisadiyyatında da resessiya meylləri güclənməkdədir. Qlobal proqnozlara neqativ dürüstləşmələr edilir. Bu arada, Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə qədəm qoymaqdadır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər