3 Dekabr 2014 22:43
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevlə Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi, parlamentin üzvü Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Teleqraf.com ARDNŞ-in saytına istinadən məlumat verir ki, R.Abdullayev onu yenidən Azərbaycanda görməkdən məmnunluğunu bildirib, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın getdikcə daha mühüm yer tutduğunu və bu istiqamətdə həyata keçirilən layihələr sırasında Cənub Qaz Dəhlizinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Ç.Hendri Azərbaycana hər səfərinin onun üçün şərəf olduğunu söyləyib. Ölkəmizə hər səfərindən böyük təəssüratlarla ayrıldığını qeyd edən qonaq qısa müddətdə Bakıda mühüm dəyişikliklər baş verdiyindən danışıb, şəhərin daha da gözəlləşdiyini deyib. O, Böyük Britaniyanın Azərbaycan enerji sektoruna, xüsusilə də ARDNŞ ilə əməkdaşlığa böyük maraq göstərdiyini, BP və digər İngiltərə şirkətlərinin ölkəmizdəki faəliyyətlərinə böyük önəm verdiyini vurğulayıb, Azərbaycanın 2003-cü ildən etibarən Böyük Britaniyanın Baş naziri tərəfindən irəli sürülmüş "Təbii Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü"nə qoşulduğunu qeyd edib, bu istiqamətdə SOCAR tərəfindən atılan addımları yüksək qiymətləndirib.

Son illər Azərbaycanın neft-qaz sənayesində qazanılmış nailiyyətlər haqqında qonaqlara ətraflı məlumat verən R.Abdullayev BP şirkəti ilə birlikdə həyata keçirilən böyük layihələrdən söz açıb, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasilatın artırılması istiqamətində, həmçinin “Şəfəq-Asiman” perspektiv strukturunda seysmik tədqiqat sahəsində işlərin sürətləndiyini nəzərə çatdırıb. Qlobal əhəmiyyətli Cənub Qaz Dəhlizinin önəmini xüsusi qeyd edən ARDNŞ-nin prezidenti bu layihənin əsas elementləri olan “Şahdəniz-2” və TANAP layihələrində BP şirkətinin SOCAR-la birlikdə regionun və bütünlükdə Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verəcəyinə əminliyini ifadə edib. O, layihənin qrafikə uyğun olaraq davam etdiyini, bu sahədə heç bir problemin olmadığını bildirib.

Qonaq bu gün Bakı Ali Neft Məktəbində professor-müəllim və tələbə heyəti ilə görüş keçirdiyini, bu ali məktəbin Britaniya universitetləri ilə yaxın əlaqələr qurduğunu və münasibətlərin daha da genişləndiyini qeyd edib.

Görüşdə Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıq imkanlarının böyük olması və bu imkanlardan istifadə etmək üçün hər iki tərəfin səy göstərdiyi vurğulanıb.


Müəllif:

Oxşar xəbərlər