Rusiyanın təbii qaz tədarükünü kəsməyə başlaması ilə qaz istehlakını azaltmağı planlaşdıran Avropa İttifaqı (Aİ) ölkələrində bu il kömür istehlakının 7 faiz artacağı gözlənilir.
Teleqraf.com xəbər verir ki, Rusiyadan Avropaya dəniz yolu ilə neft idxalına qoyulan qadağanın ilin sonuna kimi qüvvəyə minməsi planlaşdırılır.
Aİ-nin kömür sanksiyalarının avqustun 10-da qüvvəyə minəcəyi gözlənilir.
Avropa Statistika İdarəsinin son məlumatlarına görə, Aİ daş kömür idxalının 55,6 faizini Rusiyadan həyata keçirir. Rusiyanı 17,2 faizlə ABŞ, 15,3 faizlə Avstraliya izləyir.
Aİ-nin Rusiyadan elektrik və istilik enerjisi üçün istifadə etdiyi termal kömür idxalı 70 faiz səviyyəsindədir. Dəmir və polad istehsalında istifadə edilən metallurgiya kömüründə Aİ-nin Rusiyadan idxalı 30 faiz olaraq hesablanır.
Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatlarına görə, keçən il 6 faiz artan qlobal kömür istehlakı bu il 0,7 faiz artaraq 8 milyard tona çatacaq. Beləliklə, dünyada kömür istehlakı son 10 ilin ən yüksək səviyyəsinə qalxacaq.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə 110 avro civarında olan kömürün qiyməti bu gün 350 avro ətrafında ticarət olunur. 2020-ci ilin eyni dövründə kömür qiymətləri 40 avro səviyyəsində idi. Kömürün qiyməti ötən illə müqayisədə 2 dəfədən çox, 2 il əvvəllə müqayisədə isə 8 dəfə artıb.