“Zəngəzur dəhlizi ilə yanaşı, Qafqazda ticarət yollarına maneələrin tamamilə aradan qaldırılması müzakirə edilir”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı iqtisadçı Aleksandr Razuvayev deyib.
O bildirib ki, Rusiya ilə Türkiyə ticarət dövriyyəsini 3 dəfə artıraraq 100 milyard dollara çatdırmağı məqsəd seçib:
“Asan vəzifə deyil, amma onu tam həyata keçirmək olar. Tərəflər hələ 2016-cı ildə lirə və rublla əməliyyat aparmağı təklif etmişdilər. İndi məsələ daha da aktuallaşıb. Bu, sanksiya risklərini minimuma endirməyə kömək edəcək.
Həmçinin Rusiyanın “MIR” ödəniş sistemi Türkiyədə bank kartlarından daha geniş istifadəyə şərait yaradacaq. Turistlərimiz Türkiyədə daha rahat istirahət edə biləcəklər. Bütün bu aspektlər Rusiya-Türkiyə ticarət və iqtisadi əlaqələrinin inkişafında nəzərəçarpacaq sıçrayış ehtimalının yüksək olduğunu göstərir. Türklər də bunda maraqlıdır. Üstəlik, bu il rubl çox güclü valyuta olduğunu sübut etdi”.
Razuvayev bu tendensiyanın regional nəqliyyat və logistika zəncirlərinin sadələşdirilməsi, eləcə də diversifikasiyası üzrə intensiv səylərlə dəstəkləndiyini vurğulayıb:
“Hazırda nəqliyyat və logistika zəncirlərinin sadələşdirilməsi və şaxələndirilməsi istiqamətində intensiv iş aparılır. Zəngəzur dəhlizi ilə yanaşı, Qafqazda ticarət yollarına maneələrin tamamilə aradan qaldırılması da müzakirə edilir. Lakin bu mövzuda dəqiq proqnoz vermək çətindir, çünki çox şey siyasətdən asılıdır. Amma planlar iddialıdır. Türkiyə Rusiyaya qarşı dost ölkə olduğunu göstərdi və buna görə də hər iki ölkə iqtisadi əməkdaşlığı artıracağı aydındır”.