Avropa İttifaqının (Aİ) Rusiyadan kömür idxalına qadağa qoyan qərarı bu gün qüvvəyə minib.
Teleqraf.com xəbər verir ki, Aİ ölkələrinin aprel ayında qəbul etdiyi Rusiyadan kömür idxalına qadağa qoyulmasını ehtiva edən sanksiyalar paketi keçid dövrünün sona çatması ilə qüvvəyə minib.
Beləliklə, ildə 8 milyard avro dəyərində olan Rusiya mənşəli və ya Rusiyadan ixrac edilən kömür və digər bərk qalıq yanacaqların alınması, idxalı və ya Aİ-yə ötürülməsi qadağan edilib.
Aİ-nin Rusiyaya qarşı enerji sanksiyalarından birincisi kömür alışına qadağa qoyulması olub. Rusiyadan neft idxalına qoyulan qadağanın dekabrda qüvvəyə minəcəyi gözlənilir.
Rusiya Avropaya kömür ixracının təxminən 25 faizini həyata keçirirdi. Aİ ölkələri isə ümumi kömür idxalının 45 faizini və elektrik enerjisi istehsalında istifadə olunan termik kömürün 70 faizini Rusiyadan təmin edirdi.
Rusiya Energetika Nazirliyinin məlumatına görə, Rusiya 2021-ci ildə Aİ-yə 48,7 milyon ton kömür satıb.