17 Avqust 2022 09:29
1 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Qəbələnin Laza kənd sakinlərinin yolu bağlayaraq turistləri kəndə buraxmamaqla bağlı yayılan video sosial şəbəkələrin gündəminə çevrilib. Məlumata görə, sakinlər turist kimi gələn şəxslərin qarşısını kəsərək kənddə avtomobildən istifadənin qadağan olunmasın tələb ediblər.

Dövlət Turizm Agentliyinin məlumatına görə, etiraz turistlərlə bağlı olmayıb. Narazılıq kənd sakinləri və oradakı iaşə obyekti sahibləri arasında anlaşılmazlıqdan irəli gəlib.

Onu da qeyd edək ki, bir neçə ildir ölkəmizin quru sərhədləri bağlı olduğundan gəlmə turistlərin sayı kəskin azalıb. Müşahidələr göstərir ki, bu gün bölgələrdəki turist fəallığı ölkə vətəndaşlarının hesabına təmin olunur.

Məsələnin aktuallığını nəzərə alıb yerli əhalinin rahatlığını pozmadan yaşayış məntəqələrində turizmin təşkili qaydası ilə maraqlandıq.

Otellər və Restoranlar Assosiasiyasının və Azərbaycan Ekoturizm Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi mövzunu Teleqraf.com-a şərh edib.

O, Azərbaycan ərazində Laza adlı bir neçə yaşayış məntəqəsinin olduğun bildirib: “Qəbələ rayonunda yerləşən Laza kəndi dəniz səviyyəsindən təxminən 1300-1400 metr yüksəklikdə salınıb. Kənd Qəbələnin mərkəzindən təxminən 800 metr şimal-şərqdə, Dəmiraparan çayının sahilindədir. Aydın məsələdir ki, Cənub Qafqaz silsiləsində salınan bu kənd çox mənzərəli yerdir. Bu kənd bir neçə şəlaləsi ilə də məşhurdur.

Hətta SSRİ-nin və Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın sovet dönəmində həmin kənddə bir klipi də çəkilib. Deyilənə görə, bu gün həmin kənddə Zeynəb xanımın adına bir neçə məkan da var. Rayon mərkəzindən uzaq və mənzərəli bir yer olan kənddə vaxtı ilə həm də çox məşhur bir müğənninin tez-tez görünməsi ərazinin turistlər arasında da populyar etmişdi.

Kəndlə bağlı yayılan videoya gəlincə, videoda xarici vətəndaş görmədik, amma bu o demək deyil ki, turist yalnız xarici olur. Dincəlməyə gedən insanları turist kimi qəbul edib-etməmək başqa bir mövzudur. Onlar Qəbələnin mərkəzində hansısa bir oteldə qalan ekskursantlar da ola bilər. Həmin turistlər o məkanda qalmırlar, öz avtomobilləri ilə istədikləri kimi kəndin mənzərəsini seyr etməyə gedirlər.

Zənnimcə, Lazaya gedib-gəlmək bir qədər pərakəndə xarakter daşıyır. Yəni turistlər öz avtomobilləri ilə həmin məkana üz tuturlar. Buraya çox az hallarda mütəşəkkil turlar təşkil olunur. Əgər buraya mütəşəkkil formada turlar təşkil olunsa, bu cür hallarla daha az üzləşərik.

Videoda yerli sakinlərin narazılığını eşidirik ki, maşınla kəndə giriş qadağan olunsun. Təbii ki, bu, onların hüququdur. Amma digər tərəfdən turizm fəaliyyətlərini anlamaq və ona tolerant yanaşmaq lazımdır. Əhali başa düşməlidir ki, bu, bir iqtisadi fəaliyyət növüdür. Görünür ki, yerli əhali bu turizm fəaliyyətlərindən bir o qədər də faydalana bilmir. Ona görə də bu narazılıqlar meydana çıxır”.

Müsahibimiz məlum videoya istinadən deyir ki, müxtəlif regionlarda da bənzər narazılıqlar olur: “Bəzən görürsən ki, yerli əhali şortikdə gələn turistlərin olmasına, spirtli içki qəbul etmələrinə etiraz edirlər. Onlar bunu milli-mənəvi dəyərlərin pozulması kimi dəyərləndirir. Yerli əhalinin narazılığı başadüşüləndir. Xüsusilə kənd yerlərində əhali adətən səs-küydən uzaq, az insanların gəlməsinə və ətraf mühiti təmiz olmasına öyrəşir. Həyat belə dəyişərkən insanların mənəviyyatına, psixoloji durumuna təsir edir.

Təbii ki, yolu özbaşına bağlamaq olmaz, bu, xoşagəlməz haldır. Etirazları başqa cür də çatdırmaq olar. Yerli əhali şikayətlərini KİV-də yaymaqla, məktubla icra hakimiyyəti orqanlarına, hətta daha yuxarı instansiyalara müraciət edərək bildirə bilərdilər”.

Kənd sakini və sahibkar arasındakı narazılığı necə tənzimləmək olar?

Samir Dübəndi hesab edir ki, səs-küyün yayılması, ətraf mühitin çirklənməsi baxımından turizmin mənfi təsirləri də var: “İlk növbədə bunları ciddi tənzimləmək lazımdır. Düşünürəm ki, həmin ərazini inkişafına, idarə olunmasına cavabdeh olan qurumlar və dövlət turizm orqanları bu məsələlərə daha ciddi yanaşmalıdır. Onlar hansı kəndə nə qədər turistin gəlməsindən tutmuş, ən xırda detallara qədər hər şeydən məlumatlı olmalıdırlar. Həmçinin turizmin inkişafı zamanı sakinlərin məşğulluğa cəlb olunması, o cümlədən dinc həyat tərzlinin qorunmasına da xüsusi diqqət yetirilməlidir.

Ucqar kəndlərin özünə xas folklor, etnik, mədəni, tarixi, memarlıq üslubunu qorumalıyıq. Bunlar çox ciddi məsələlərdir və xüsusi qaydada tənzimlənməlidir.

Turizmin regionlarda inkişafı yerli əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırılması ilə bilavasitə bağlıdır. Burada söhbət birbaşa iş yerlərinin açılmasından getmir. Bilirik ki, kənd yerlərində sağlam qida istehsal olunur, regiona xas müxtəlif qida məhsulları hazırlanır. Burada pendirdən tutmuş, şərab, bal, doşab, o cümlədən qış üçün hazırlanan müxtəlif bağlamaların, turşuların və digər ləziz yeməklərin adını çəkmək olar. Çeşid genişdir. Kənd əhalisi üçün şərait yaratmaq lazımdır ki, onlar hazırladığı bu məhsulların satışını həyata keçirə bilsinlər. Söhbət bu məhsulların satışından əldə olunan gəlirlərdən çox, həm də bu yolla Azərbaycanın ləziz təamlarının, mədəniyyətini, əl işlərini tanıdılmasından gedir. Yerli əhalini bu proseslərdən təcrid etmək olmaz. Bələdçiləri hazırlamaq, kənd evlərində turistləri qəbul etmək, müxtəlif iaşə obyektlərinin açılması və digər turizm fəaliyyətləri yerli əhali tərəfindən qurula bilər”.

Samir Dübəndi hazırda çox da inkişaf etməmiş bələdiyyə institutlarının fəaliyyətinə də toxunub: “Doğrudur, bələdiyyələrə verilən səlahiyyətlər o qədər də geniş deyil ki, onlar hər bir işi öz qərarları ilə görə bilsinlər. Bələdiyyələrin zəifliyindən irəli gələrək balanslarında olan ərazilərinin idarə olunması da zəif baş verir. Ümumiyyətlə, bələdiyyələrin turizmin inkişafında maraqları dumanlıdır. Biz regionlara gedib yerli icmalara, bələdiyyələrə, hətta icra hakimiyyəti nümayəndələrinə turizmin əhəmiyyəti, marketinqin təşkilini, satış kanalları, idarəetmə, eləcə də turizmin qaydaları və standartları barədə təlimlər keçmişik. Təbii ki, bu, bir qurumun işi deyil, birləşərək dövlət imkanlarından istifadə edərək bu işləri daha da gücləndirmək olar. Bəlkə bu halda bələdiyyələr həmin ərazinin turizm baxımından inkişafında maraqlı olub idarə etdikləri ərazilərdə yeni iş yerləri açıb yerli əhalini məşğulluğa cəlb edərlər. Buradan götürülən səmərə ilə həmin ərazilərin düzgün qaydada saxlanılmasına xidmət göstərə bilərlər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər