29 Avqust 2022 12:45
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal inflyasiyanın artması ilə yanaşı, tələb-təklif balansının pisləşməsi də gözləri ABŞ dollarına çevirib. ABŞ-ın dünyaya 18 trilyon dollar borcu var ki, bu da ölkənin ümumi daxili məhsulunun (ÜDM) 73 faizini təşkil edir. Bu, valyuta böhranlarından xəbər verən 50 faizlik həddi xeyli aşır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times”in “Post-dollar dünyası gəlir” başlıqlı məqaləsində bildirilir.

İngilis nəşri iddia edir ki, ABŞ dolları güclü görünə bilər, amma onun zəif tərəfləri artır.

Məqalədə ABŞ iqtisadiyyatının son illərdə digər inkişaf etmiş iqtisadiyyatlardan daha sürətli böyüdüyü, amma gələcək illərdə bu tempin zəifləyəcəyi bildirilib: “Çünki investorlar dollardan uzaqlaşmağa meyllidirlər”.

Nəşrə görə, Amerika sanksiyalarının Rusiyaya təsiri ABŞ-ın dollarla idarə olunan dünyada nə qədər effektli olduğunu göstərir:

“Bu, bir çox ölkələri seçim axtarışlarını gücləndirməyə təşviq edir. Növbəti addım çox güman ki, vahid valyuta ehtiyatına deyil, pul bloklarına yönələcək.

Cənub-Şərqi Asiyanın ən böyük iqtisadiyyatları dollardan yayınaraq bir-birinə birbaşa ödənişlər edirlər. Malayziya və Sinqapur Çinlə oxşar qaydalara malik olan ölkələr sırasındadır. Asiyadan Yaxın Şərqə qədər mərkəzi banklar dollardan asılılığı azaltmaq üçün ikitərəfli valyuta mübadiləsi xətləri yaradır.

Dolların “təhlükəsiz liman” statusundan faydalandığı görünür, amma investorlar ABŞ aktivlərini almağa tələsmirlər. Bu mənzərə ABŞ iqtisadiyyatı üçün “etimad səsverməsi” deyil.

Fundamental disbalansın dollar üçün pis nəticələri var. ABŞ-da cari büdcə kəsiri 1960-cı ildən bəri yalnız bir dəfə keçdiyi 5 faiz həddinə yaxındır.

Valyuta ehtiyatlarında dolların payı hazırda 59 faiz səviyyəsindədir. Bu, 1995-ci ildən bəri ən aşağı həddir. Rəqəmsal valyutalar darmadağın olmuş kimi görünsə də, uzunmüddətli alternativ olaraq qalırlar”.

Məqalə “Ona görə də güclü dollara aldanmayın. Post-dollar dünyası gəlir” sözləri ilə tamamlanır.


Müəllif: Mənsur Rəğbətoğlu