20 Sentyabr 2022 09:05
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlamentin komitə iclasında deputat Vahid Əhmədov deyib ki, hər şeyə 18% əlavə dəyər vergisi (ƏDV) tətbiq edə bilmərik, bu vergi diferensiallaşdırılmalıdır.

O təklif edib ki, ərzaq məhsulları ƏDV-yə 1-2%-lə cəlb olunsun: “Bu, qiymətləri müəyyən qədər sabitləşdirər. Həmçinin hesab edirəm ki, hazırkı vəziyyətdə hökumət ərzaq məhsullarına gömrük vergisi tətbiq etməməlidir”.

Maraqlıdır, diferensial vergi sisteminə keçid nəyi dəyişəcək?

İqtisadçı Xalid Kərimli təklifi Teleqraf.com-a şərh edib.

O bildirib ki, ƏDV dolayı vergidir və bu istehlakçı tərəfindən ödənilir: “Hazırda bütün iri marketlər şəbəkəsi şəffaf işləyir və istehlakçı məhsullar aldıqca, bu vergini avtomatik ödəyir. Təbii ki, bazarlarda vergidən yayınma var. Əslində diferensial vergi sisteminə keçid bir neçə ildir müzakirə olunur. Nəzərə almaq lazımdır ki, ərzaq məhsulları həssas təbəqənin xərclərində mühüm rol oynayır. Tutaq ki, şəxs 10 min manat qazanır, ərzaq üçün 1000 manat ödəyir. Bu, onun büdcəsində 10 faiz xərc deməkdir. Başqa biri 1000 manat qazanıb 600 manat ərzaq xərci ödəyirsə, bu, istehlakçının büdcəsinin 60 faizi deməkdir. Bu da xüsusilə ərzaq inflyasiyasının yüksək olduğu bir vaxtda aşağı və orta gəlirli şəxslərə böyük təsir edir”.

Təhlilçi hesab edir ki, ƏDV-nin diferensiallaşdırılması dövlət siyasəti olmalıdır: “Qeyri-ərzaq məhsulları üzrə ƏDV hətta 20 faiz də ola bilər. Amma zəruri istehlak mallarında ƏDV aşağı ola bilər. Ərzaq məhsullarında ƏDV-ni 1%-ə endirmək qiymətin 17% aşağı düşməsi deməkdir. Hazırda ərzaq inflyasiyası 22%-dir. Yerli kənd təsərrüfatı məhsulları ƏDV-dən azaddır. Əgər hökumət ƏDV-yə cəlb olunan digər ərzaq məhsullarının vergisini 1-2%-ə endirsə, piştaxtalarda olan zəruri istehlak malları ortalama 10-15 faiz ucuzlaşar.

2023-cü ilin büdcə planına görə, Azərbaycanda büdcənin 53 faizini neft-qaz, 47 faizini isə qeyri-neft sektorundan birbaşa daxilolmalar təşkil edəcək. Ötən il də bu sektorlar üzrə büdcə daxilolmaları 1-2 faiz fərqlə demək olar ki, eyni idi. Yəni hökumət vergi daxilolmaların hələ də istədiyi qədər artıra bilmir. Vergi və gömrük daxilolmalarından gələn vəsait hökumətin cari xərclərini qarşılaya bilmir”.

Xalid Kərimlinin qənaətincə, vergi daxilolmaları üzrə azalan vəsait Dövlət Neft Fondundan götürülməklə kompensasiya edilə bilər: “Bu, ikibaşlı məsələdir. Yəni vergini azaltmaq təklifi yaxşıdır, amma pulu haradan götürmək barədə real fikirlər də olsa, yaxşı olar.

2023-cü ildə dövlət büdcəsinin gəlirləri 30 milyard 720,7 milyon manat proqnozlaşdırılır ki, bu da 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 1 522,9 milyon manat və yaxud 5,2 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 4324,4 milyon manat və yaxud 16,4 faiz çoxdur. Növbəti il sosial və investisiya xərclərinin artırılması planlaşdırılır.

Ərzaq məhsullarının ƏDV-si aşağı salınarsa, qiymət də aşağı olar. Bu hissə ilə tamamilə razıyam, amma işi çətinlləşdirən tərəf odur ki, verginin aşağı salınması dövlətin vergi yığımlarını da təsir edəcək. Bu da dövlət üçün digər problemlər yarada bilər.

Qərardan asılı olmayaraq şəffaflıq artmalıdır, vergilər düzgün hesablanmalıdır, hamı vergi ödəməlidir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər