İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) hazırkı texnologiya əsrində mühüm yer tutur. Müasir dövrümüzdə İKT cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib.
Hazırda Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayan İKT sahəsi inkişaf səviyyəsinə görə fərqlənir. İKT-nin əhatə dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti təşkil edir. Bu sektorun təkmilləşdirilməsi üçün ölkəmizdə sektor üzrə innovasiya yönümlü fəaliyyətin inkişaf etdirilməsi və gücləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində xüsusən inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilir və tətbiq edilir.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Teleqraf.com-a bildirib ki, hazırda ölkəmizdə İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı sahəsində müəyyən addımlar atılır.
O qeyd edib ki, qanunvericiliyin təkminləşdirilməsi, struktur islahatları, eyni zamanda tənzimləyici və innovativ qurumların yaranması sahəsində tədbirlər görülür: “Bu tədbirlərə baxmayaraq, sektorda həllini gözləyən kifayət qədər problemlər var. Xüsusən də qonşu ölkələrdə, qlobal dünyada gedən proseslərlə müqayisə edəndə görürük ki, ölkəmizdə bu sahənin sağlamlaşdırılması, eləcə də münbit mühitin inkişafı ilə bağlı görüləcək işlər daha çoxdur. Gərək hazırda yerli İT şirkətlərimiz qlobal bazarlara çıxmış olardılar. Bu şirkətlərin regional bazara çıxması üçün vergi və digər qanunvericiliyə nəzər salmaq lazımdır.
Düşünürəm ki, sektor üzrə tənzimləmədə daha çevik və effektiv mexanizmlər qurulmalıdır. Bununla bağlı Prezident İlham Əliyev 1 il öncə “İnformasiya Texnologiyalarının İnkişafı Agentliyi”nin yaradılması üçün fərman verdi. Amma hələlik bu agentlik formalaşmayıb. Eyni zamanda “İnnovasiyalar Agentliyi” yaranıb, amma onun da nizamnaməsi, əsasnaməsi və strukturu hələ təsdiqlənməyib. Yəni sektorda bu istiqamətdə görüləcək işlər daha çoxdur”.
Osman Gündüz bu sahəyə dövlət dəstəyindən də danışıb. O hesab edir ki, dövlət İKT sektorunun inkişafı üçün münbit şərait yaratmalıdır: “Təbii ki, dövlət özü bazarın iştirakçısı olmalı deyil. Qanunvericilik inkişaf etdirilməlidir, vergi güzəştləri olmalıdır, stimul yaranmalıdır, İT-nin ixracını gücləndirmək üçün münbit şərait olmalıdır. Bu istiqamətdə də müəyyən addımlar atılır, amma hələlik problemlər çoxdur. Məsələn, rəqəmsal transformasiya ilə bağlı ortada hələ də konseptual sənəd qəbul olunmayıb. Ölkədə bütün sektorlar üzrə - dövlət strukturları, vətəndaş cəmiyyəti institutları, sosial-iqtisadi sahələr, elm və təhsili, mədəniyyət sahələrini əhatə edən rəqəmsal transformasiya ilə bağlı bir konseptual sənəd olmalıdır. Ümumiyyətlə, bu sektorun inkişafına kömək edəcək konseptual sənədlərin təsdiqi ilə bağlı bir xeyli ləngimələr də var. Bu, rəqəmsal transformasiya, ümumi şəhərlərlə, kiber təhlükəsizlik, innovasiyaların inkişafının strategiyası ilə bağlıdır. Düşünürəm ki, konseptual sənədlərin qəbulu ilə bağlı məsələlər yenidən nəzərdən keçirilməlidir.
Bəzən müşahidə edirik, nazirlik sənədi hazırlayıb aidiyyəti üzrə təhvil verdiyini açıqlayır. Amma bu sənəd hansısa dövlət qurumunun maraqlarına uyğun gəlmir, onlar buna ciddi əhəmiyyət vermir və razılaşdırmalar ləngiyir. Həmin qurumlar sənədlərin qəbulunun sürətli getməsində maraqlı deyillər. Ona görə hesab edirəm ki, konseptual sənədlərin daha sürətli qəbul edilməsi üçün tədbirlər görülməlidir. Prezidentin sərəncam və fərmanlarında bu tip sənədlərin qəbuluna 3 ay vaxt verilir. Amma müşahidə edirik ki, sənədlərin qəbulu 1-2 il gecikir”.
İKT sahəsində informasiya və kiber təhlükəsizlik
Müsahibimiz deyir ki, kiber təhlükəsizlik xüsusən müharibə və ondan sonrakı dövrdə dövlətin diqqət mərkəzində olan məsələyə çevrilib: “Görünür ki, hökumət özü informasiya və kiber təhlükəsizliklə bağlı məsələlərin inkişafında daha da maraqlıdır. Son 2 ildə Prezident tərəfindən bununla bağlı xeyli sərəncam və fərman verilib. Kiber təhlükəsizliklə bağlı xüsusi sənədlər qəbul olunub. Ötən il ölkə başçısı “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” fərman verdi. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə əlavə səlahiyyətlər də verildi”.
Azərbaycanda maarifləndirmə işlərinin səviyyəsi
Osman Gündüzün qənaətincə, ölkəmizdə İT sahəsində kadrların hazırlanmasına ciddi diqqət yetirilir: “Azərbaycan Texniki Universitetində Kibertəhlükəsizlik İnstitutu formalaşdırılıb və kafedra yaradılıb. Elm və Təhsil Nazirliyi informasiya təhlükəsizliyi ilə bağlı ayrıca tədris proqramı təsdiq edib. Bundan əlavə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsrailin bir institutu ilə kiber təhlükəsizlik üzrə kadrların hazırlanması ilə bağlı bir müqavilə imzalayıb. Həmçinin İqtisadi İnkişaf və Elm və Təhsil nazirlikləri 3 min İT mütəxəssisinin hazırlanması məqsədilə İsrail təşkilatı ilə birgə bir layihə elan ediblər. Yəni maarifləndirmə istiqamətində xüsusi addımlar atılır.
Bu ildən Azərbaycanda informasiya təhlükəsizliyi, informatika ilə bağlı ciddi mühit formalaşacaq. İlk dəfə olaraq qəbul imtahanında kimya əvəzinə informatikadan imtahan salınıb. İndiyə qədər ölkəmizdə kompüter ixtisası seçən abituriyentlər ali təhsil məktəblərinə qəbul imtahanında kimyadan imtahan verirdilər, informatika fənni yox idi. Amma bu ildən qərar dəyişilib, artıq qəbula gələnlər informatikadan imtahan verəcək. Bu o deməkdir ki, məktəblərdə, kurslarda informatikaya münasibət müsbət istiqamətdə dəyişiləcək. Bu da onu düşünməyə əsas verir ki, yaxın perspektivdə Azərbaycanda bu sahədə kadrların inkişafında ciddi dönüş olacaq”.
Müsahibimiz bu il Azərbaycanda beşincisi keçirilən “Texnofest-2022” festivalının əhəmiyyətindən də danışıb: “Dünyada beynəlxalq texnologiya festivalı statusu alan bu tədbirin Azərbaycanda keçirilməsi çox mütərəqqi bir hadisə idi. Bu tədbir cəmiyyətin, gənclərin bu sahəyə marağının artmasına bir stimul yaradır. Belə festival növbəti ildə Azərbaycana hədəflərini müəyyənləşdirməyə, müqayisə etməyə, eləcə də Türkiyənin bu sahədə aparıcı təcrübələri ilə tanış olmağa imkan verir. Bir sözlə, bu tədbir sektora diqqəti cəlb etmək üçün keçirilən ən yaxşı tədbirlərdən biridir. Hesab edirəm ki, bu addımları davam etdirməli və növbəti mərhələlərdə bu tip tədbirlərə daha yaxşı hazırlaşmaq doğru olar. Bu, sektorun inkişafına təkan verir, diqqət yaradır”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.