“Hazırda Qara dənizdə təbii qaz axtarış işləri üzrə quruda və dənizdə 8 minə yaxın insan çalışır. 30 gəmi və ən azı 7-8 helikopterlə logistik dəstək göstəririk. Bu gün Qara dəniz qaz yatağında hasilata nəzarət edəcək kabel gəmisi İstanbul Boğazına çatdı. Addım-addım irəli gedirik”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
Görülən tədbirlərdən danışan nazir qeyd edib ki, 2 il əvvəl başladıqları işlərlə Silivridəki yeraltı təbii qaz anbarının tutumunu artırmağa qərar veriblər: “Anbarın tutumunun 3,2 milyard kubmetrdən 4,6 milyard kubmetrə qədər genişləndirilməsi işləri sona çatıb. Hazırda Silivridə yeraltı qaz anbarı tam doludur. Qışa giririk. Duz gölündəki anbarımızda 1,2 milyard kubmetr ehtiyatımız var idi. Burada tutumun genişləndirilməsi işləri davam edir və bu işlər daha 2 il sürəcək. Biz daha böyük bir layihədən danışırıq. Təxminən 5,4 milyard kubmetrlik anbar ehtiyatına çatmış olacağıq”.
Fatih Dönməz Avropanın ən mühüm gündəminin enerji böhranı və təbii qaz olduğunu vurğulayıb: “Avropanın qışı necə keçəcəyi üzərində çalışırıq. Türkiyə enerji, xüsusilə təbii qazla bağlı lazımi tədbirləri illər əvvəl görmüş bir ölkədir. Son 4-5 ildə görülən işlə daha açıq şəkildə ortaya qoyulub. “Türk Axını” xətlərinin işə düşməsi ilə bu gün Avropanın yaşadığı problemləri Türkiyə yaşamır”.
Nazir tək Türkiyə deyil, qonşu ölkələrin və Avropa üçün də tədarük təhlükəsizliyini təmin etdiklərini bildirib: “Bu qaynaqlar bizim deyil. Təbii qazın demək olar ki, hamısını, 99%-ni, neftin isə 92%-ni idxal edirik. Beləliklə, beynəlxalq bazarlarda artan qiymətlər təəssüf ki, birbaşa və ya dolayısilə xərclərimizə təsir edir. Amma biz ilk gündən artan xərcləri vətəndaşlarımıza əks etdirməmək siyasətinə görə həmişə aşağı səviyyədə saxlamışıq. Bu gün təbii qaz xərclərinin əhəmiyyətli hissəsini, demək olar ki, 80%-ni dövlətimiz öz üzərinə götürür. Yəni 100 lirə xərclədiyimi qazı 20 lirəyə veririk”.
Dönmez elektrik qiymətlərində mərhələli bir tətbiqə başlanıldığın da deyib: “Kiçik və orta gəlirli ev təsərrüfatlarına 50% səviyyəsində əhəmiyyətli subsidiyalar veririk. Vətəndaşlarımızı inflyasiya ilə əzməmək üçün əlimizdən gələni edirik. Pensiyaçılara, dövlət işçilərinə minimum əməkhaqqı veririk. İnşallah, 2023-cü il 2022-ci ildən daha yaxşı olacaq. Çünki bir çox nazirliklər və əlaqədar qurumlar böyük layihələrinin tamamlanma tarixini Cümhuriyyətimizin 100 illiyini hədəfləyiblər. Əlimizdə ən azı bir neçə meqa layihə var. Sakarya Qaz Sahəsində hasil olunacaq qaz birbaşa vətəndaşlarımıza müsbət təsir edəcək məsələlərdən biridir. Məqsədimiz o qazı 2023-cü ilin birinci rübündə sizə çatdırmaqdır”.