1 Oktyabr 2022 14:39
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal ərzaq böhranı səbəbiylə maliyyə xərcləri artıb. Ərzaq təhlükəsizliyinə yüksək dərəcədə məruz qalan ölkələrdə ərzaq və gübrə qiymətlərinin artması səbəbindən 2022 və 2023-cü illərdə idxal xərcləri 9 milyard dollar çoxalacaq.

Teleqraf.com xəbər verir ki, bu, Beynəlxalq Valyuta Fondunun (BVF) “Qlobal Ərzaq Böhranı ilə Mübarizə: Təsir, Siyasət Reaksiyaları və BVF-nin Rolu” adlı hesabatında dərc edib.

Hesabatda böyük qiymət şoklarının ərzaq təhlükəsizliyini daha da gücləndirdiyi, dünyanın ərzaq böhranı ilə üzləşdiyi diqqətə çatdırılıb.

Münaqişələr, iqlim sarsıntıları, COVID-19 epidemiyasının təsiri, Rusiyanın Ukraynada başlatdığı müharibə də daxil olmaqla, 2018-ci ildən etibarən bir çox amilin əsas ərzaq məhsulları və gübrələrin beynəlxalq qiymətlərinə təzyiqi gücləndirib.

Daha çox aşağı gəlirli ölkələrə təsir edir

Gübrə və yüksək enerji qiymətləri ilə yanaşı, bir çox ölkə ciddi ərzaq qıtlığı ilə üz-üzədir. Ərzaq böhranı qlobal hadisə olsa da, daha çox aşağı gəlirli ölkələrə təsir edir. İnsan əzabları yaratmaqla yanaşı, ərzaq böhranının böyük iqtisadi xərcləri də olur. Ukrayna və Rusiyadan idxalından asılı olan 48 ölkədə böhran daha dərindir.

Hesabatda 2022-ci ildə kəskin ərzaq təhlükəsizliyinin aradan qaldırılması üçün təxminən 50 milyard dollara ehtiyac olduğu və bu rəqəmin uzunmüddətli perspektivdə arta biləcəyi də qeyd edilib.

Sudan, Qırğızıstan, Belarus, Tacikistan və Ermənistan ümumi daxili məhsulun (ÜDM) faizi olaraq Ukrayna və Rusiyadan ərzaq idxalından ən çox asılı olan ölkələrdir. Ukrayna və Rusiya gübrələrdən ən çox asılı olan ölkələr isə Moldova, Latviya, Estoniya, Paraqvay və Qırğızıstandır.

Təcili hərəkətə keçməyə çağırış

BVF direktoru Kristalina Georgieva, eləcə də BVF-nin digər rəsmiləri mövzu ilə bağlı birgə bloq yazısı yazıblar.

Məqalədə vurğulanıb ki, görünməmiş humanitar çağırış kifayət qədər ərzağı olmayanların əzabını yüngülləşdirmək və ehtiyacı olan ölkələrə maliyyə yardımı etmək üçün sürətli addımlar atmağı tələb edir.

Bir çox ölkədə siyasətçilər insanları mövcud ərzaq böhranından qorumaq üçün maliyyə tədbirləri görürlər. Təkcə bu il üçün ərzaq böhranına məruz qalan ölkələrin ən yoxsul ailələrinə kömək etmək üçün 7 milyard dollara ehtiyac olacağı təxmin edilir.

Yazıda insanların tez və adekvat şəkildə dəstəklənməsi, açıq ticarətin davam etdirilməsi, ərzaq istehsalının artırılması, bərabər paylanmanın təmin edilməsi və iqlimə davamlı kənd təsərrüfatına sərmayə qoyulmasının vacibliyi vurğulanıb.

BVF-dən yeni maliyyələşdirmə pəncərəsi

Kristalina Georgieva ölkələrin ərzaq təhlükəsizliyi problemini həll etmək üçün yeni "Qida Şoku Pəncərəsi"nin yaradıldığını elan edib: “Yeni maliyyələşdirmə pəncərəsi təcili ödəniş balansına ehtiyacı olan və kəskin ərzaq təhlükəsizliyi, kəskin ərzaq idxalı şoku və ya taxıl ixracı şoku yaşayan ölkələrə fövqəladə maliyyələşdirməyə əlavə çıxış təmin edəcək. Maliyyələşdirmə pəncərəsi bir il müddətinə açıq olacaq. BVF bu pəncərə ilə kövrək ölkələrdəki insanlara kömək etmək üçün əlavə yardım göstərəcək”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər