9 Dekabr 2014 16:28
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vüqar Bayramov: “Ölkədən çıxan valyuta daxil olan valyutadan xeyli azdır”

Rusiya rublunun yeni neqativ rekordlarından və neftin dünya bazar qiymətində müşahidə edilən kəskin azalmalardan sonra milli valyutanın məzənnəsi ilə bağlı müəyyən narahatçılıq hiss edilməkdədir. Əslində, belə hallarda Mərkəzi Banklar rəsmi acıqlamalar verməklə əhalini məlumatlandırmağa çalışsalar da, hələlik Azərbaycanın baş bankında susmağa üstünlük verirlər.

Bəs, manat dəyərdən düşəcəkmi? Əmanətləri dollara çevirməyə ehtiyac varmı?

Sualların cavabını təhlil edən iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, neftin dünya bazar qiymətinin aşağı düşməsi dolların manata təzyiqini artırsa da, hələləlik tədiyyə balansımızda müsbət saldo saxlanılmaqdadır: “İdxalı 3 dəfə üstələyən Azərbaycan ixracatında qara qızılın qiymətinin düşməsi səbəbindən dəyər ifadəsində azalmalar olsa da hələ də xarici ticarətdə böyük profistə malikik. Bu isə o deməkdir ki, Azərbaycanı tərk edən valyuta ölkəyə daxil olan valyutadan xeyli azdır. Deməli, ölkəyə daha çox dollar kütləsi daxil olur. İqtisadi baxımdan, Mərkəzi Bankın manatın deyil, dolların sterilizasiyasını həyata keçirməlidir ki, milli valyuta kəskin möhkəmlənməsin”.

Bununla belə, məsələnin psixoloji və kənar effekt tərəflərinin olduğunu deyən ekspertə görə, psixoloji mesajlar daha çox dünya neft bazarından gəlir və bu da manat üzərində təzyiq formalaşdırır: “Kənar effekt təsirlər isə ixracatdan daxil olmalarin azalması fonunda dövlətin və əhalinin qənaət etməsi, bundan isə xidmət, bank sektorlar daxil olmaqla bir sıra digər sahələrin təsirlənməsidir. Buraya eyni zamanda Mərkəzi Bankın potensial intervensiya xərclərini də əlavə etsək o zaman mənzərə daha aydınlaşar. Eyni zamanda, bir sıra neft ölkələrində milli valyutanın develvasiyası büdcə kəsirinin doldurulmasında əsaslı alət kimi istifadə edilir. Qonşu Rusiya bu aspektdən uyğun nümunələrdəndir. Bütün bunları nəzərə alaraq isə orta və uzunmüddətli deyil, qısa müddətli dövrüdə milli valyutanın məzənnəsini proqnozlaşdırmaq olar. Mərkəzi Bankın ehtiyatlarını və potensial intervensiya xərclərini nəzərə aldıqda qısa müddətli dövrdə manatın məzənnəsindəki stabilik qorunub saxlanılacaq. Bu isə o deməkdir ki, yaxın yarım ildə mövcud şərtlər daxilinda manatın məzənnəsinda azalma müşahidə edilməməlidir”.

Bununla da milli valyutanın məzənnəsi ilə bağlı indki halda narahatçılığa əsas görməyən ekspert bildirib ki, Mərkəzi Bankın Pul Kredit Siyasətinin Əsas İstiqamətləri barədə sənədi də bu əminliyi formalaşdırır. Sonrakı mərhələdə isə manatın məzənnəsi ilə bağlı siyasətin daha çox dünya neft bazarında baş verənlərdən asılı olacağını deyən Vüqar Bayramov milli valyutanın məzənnəsi ilə bağlı qərarların heç də öncədən və iqtisadi baxımdan proqnozlaşdırıla bilmədiyini vurğulayıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər