9 Dekabr 2014 16:47
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabr ayının 9-da Vergilər Nazirliyində “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi barədə təkliflər” layihəsinin beynəlxalq təcrübə və milli qanunvericilik nəzərə alınmaqla hərtərəfli araşdırılması və müvafiq rəyin hazırlanması məqsədilə yaradılmış komissiyanın növbəti iclası keçirilib.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, iclasda Almaniya Əməkdaşlıq Təşkilatının (GİZ) mülki hüquq sahəsində beynəlxalq səviyyədə tanınmış ekspertləri - Vismar Universitetinin Şərq İnstitutunun tədqiqat üzrə direktoru, postsovet ölkələri üzrə hüquq məsləhətçisi, professor Hans-Joachim Schramm, Bremen Universitetinin sabiq professoru, postsovet ölkələri üzrə hüquq məsləhətçisi Rolf Knieper iştirak edib.

Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov ölkəmizdə mövcud olan qanunvericilik bazasının ictimai münasibətlərin inkişaf sürətinə adekvat olaraq təkmilləşdirilməsi istiqamətində Mülki Məcəllənin fiziki və hüquqi şəxslərlə bağlı fəsillərinə müvafiq dəyişikliklərin edilməsinin zəruri olduğunu qeyd edib. İclasda Mülki Məcəllənin “Hüquqi şəxslər” fəslinin ümumi, məhdud məsuliyyətli cəmiyyətlər və kooperativlərlə bağlı hazırlanmış maddələrinin layihələri üzrə alman ekspertlərinin şərhləri dinlənilmiş və ətraflı müzakirələr aparılıb. Gələcəkdə də bu sahələr üzrə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində fikir mübadiləsinin davam etdirilməsi, mövcud ictimai münasibətlər kontekstində uğurlu hesab olunan təcrübələrin tətbiqi, fiziki və hüquqi şəxslərlə bağlı mülki qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Mülki Məcəlləyə dəyişikliklər layihəsinin hazırlanmasının nəzərdə tutulduğu qeyd olunub.

Müzakirələr dekabr ayının 12-dək davam etdiriləcək.

Naibə QURBANOVA


Müəllif: