Xəzər regionundan "Cənub Qaz Dəhlizi" üzrə ilk qaz 2019-cu ildə Avropaya çatmalıdır. Teleqraf.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç deyib.
Onun sözlərinə görə, Rusiyanın "Cənub axını"nın tikintisindən imtina etməsindən sonra "Cənub Qaz Dəhlizi" konsepsiyası prioritetlərdən birinə çevrilir.
M.Şevçoviç əlavə edib ki, Aİ Azərbaycan və Türkiyədən "Cənub dəhlizi" çərçivəsində layihələrin reallaşdırılmasına sadiqlik üzrə təminat alıb: "Hər iki ölkə hakimiyyəti ilə təmaslarımız zamanı təminat aldım ki, onlar "Cənub Qaz Dəhlizi" çərçivəsində layihələrin yaradılmasına sadiqdirlər. Bura Transxəzər qaz kəməri də aiddir".