2 Dekabr 2022 10:43
6 766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ildən yaşayış minimumunun və ehtiyac meyarının bərabər olacağı nəzərdə tutulub. “2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, növbəti il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

Qanuna əsasən, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

Eyni Qanuna görə, ehtiyac meyarı əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə tətbiq edilir. Ehtiyac meyarı dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunur.

Yaşayış minimumu ilə ehtiyac meyarı arasındakı fərqin azaldılması mühüm hadisə kimi qeyd edildi. Bu, nəyi dəyişir və bundan kimlər qazanacaq?

İqtisadçı Rəşad Həsənov sözügedən qanun layihəsini Teleqraf.com-a şərh edib.

Ekspert bildirib ki, uzun müddətdir ehtiyac meyarı məsələsinin aydınlaşdırılması hökumətə təklif olunurdu: “Yəni söhbət yaşayış minimumu və ehtiyac meyarının eyniləşdirilməsindən gedir. Çünki yaşayış minimumunun özü minimum şərtlər daxilində bir insanın həyatını təmin etməsini nəzərdə tutan bir meyardırsa, ehtiyac meyarının adı dəqiqləşməli idi. Ehtiyac meyarı nədir? Yoxsulluq həddidirmi, ixrac yoxsulluq həddidirmi, yoxsa aclıq həddidirmi? Yəni bu meyar müəyyənləşdirilməlidir.

Problemin başqa bir tərəfi isə, ehtiyac meyarının hansı metodologiya əsasında hesablanmasının aydın olmamasıdır. Yaşayış minimumu qismən aydındır. Burada Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı, istehlak səbətinin tərkibi və strukturu, həmçinin Statistika Komitəsinin təqdim etdiyi qiymətlər hesabına müəyyən hesablamalar aparılır. Amma ehtiyac meyarında məsələ aydın deyil. Ona görə də bu eyniləşmənin özü müsbətə doğru dəyişiklik kimi qiymətləndirilir. Hesab edirəm ki, ehtiyac meyarı anlayışına ehtiyac yoxdur, yığışdırılmalıdır".

Rəşad Həsənov qeyd edib ki, ehtiyac meyarından yalnız ünvanlı sosial yardımın müəyyənləşdirilməsi zamanı istifadə olunur: “Sosial müdafiə mexanizmlərindən biri də ünvanlı sosial yardım mexanizmidir. Bu, ailə fərdlərinin hər birinə düşən gəlirin ehtiyac meyarından aşağı olan hissəsinin dövlət tərəfindən kompensasiya olunmasını nəzərdə tutur. Hazırda ehtiyac meyarı 200 manatdır. Tutaq ki, bir ailədə beş nəfər var, bu halda ailəyə ayda 1 000 manat gəlir daxil olmalıdır. Əgər ailəyə ayda 700 manat gəlir daxil olursa, bu zaman qalan 300 manatı hökumət kompensasiya edir. Təbii ki, bunun da öz şərtləri var. Ailə fərdləri əmək qabiliyyətlidirsə, işləməlidirlər. Burada işləməyim, az gəlir gəlsin, dövlət bunu qarşılasın kimi amillər keçərli deyil, müxtəlif faktorların qiymətləndirilməsi nəticəsində bir mexanizm vardır. Ehtiyac meyarı yalnız burada tətbiq olunan bir mexanizmdir”.

Bu qərar nəyi dəyişəcək?

İqtisadçı deyir ki, 2023-cü il yanvarın 1-dən etibarən hesablanan ünvanlı sosial yardımların adambaşına düşən məbləği artacaq: “Yəni cari ildə ailə üzvünün ehtiyac meyarı 200 manatdan hesablanırsa, gələn ildən bir nəfər üçün 46 manat çox (246 manat) ünvanlı sosial yardımın məbləğinin hesablanması üçün hüquqi baza formalaşır. Bu baxımdan onların alacağı ünvanlı sosial yardım məbləği artacaq”.

Bəs, rəsmən müəyyən edilmiş rəqəmlə razılaşmaq olarmı?

Analitikə görə, rəsmi rəqəmlər hər zaman müzakirə olunan məsələdir: “İstehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlərin tərkibi uzun müddətdir ki, dəyişmir. Yeni çağırışlar, yeni həyat tərzi var və yeni tələblər formalaşır. Hazırkı istehlak səbəti bunları nəzərə almır. Xüsusilə qidalanma ilə bağlı səhiyyə tərəfindən müəyyən edilmiş gündəlik kalori norması var. Bu kalori tələbinin hansı məhsullar üzrə ödənilməsi çox vacib məsələdir. Hansı ki, bunu kartofdan, ətdən və ya balıq ətindən də almaq olar. Ölkə üzrə istehlak səbətinin tərkibi daha çox ucuz başa gələn ərzaq məhsulları ağırlıq verilir.

Minimum istehlak meyarına daxil edilən internet xidmətlərindən istifadə haqqı 1 ailə üçün gündə 1 saat götürülməklə müəyyənləşdirilir. Bu, həddindən artıq azdır. Minimum istehlak səbətinin strukturu köhnəlib, tələblərə cavab vermir. Bunun həm keyfiyyət, həm də struktur baxımından təkmilləşdirilməsinə ehtiyac var.

Real bazar qiymətləri əsasında aparılan hesablamalar göstərir ki, ölkəmizdə işləyən şəxs üçün yaşayış minimumu təxminən 400 manata çatır. Bu, rəsmi rəqəmlərlə müqayisədə təxminən 35 faiz çoxdur. Bu kimi ciddi problemlərin təkmilləşdirilməsinə ehtiyac var. Xüsusilə də “minimum” ifadələri daha çox əhalinin aşağı gəlirli sosial qruplarına aid dövlət siyasətini müəyyənlşdirilməsini nəzərdə tutur. Belə olan halda bu insanların tələbi daha çox ərzaq məhsullarına, gündəlik tələbat mallarına fokuslanır. Hazırda müşahidə edilən inflyasiya təzyiqləri də, daha çox bu zəruri məhsullarda müşahidə olunur.

Rəsmi açıqlanan inflyasiya göstəricilərinə görə, ərzaq məhsullarının qiyməti 23 faizə yaxın artıb. Bu artım prosesi hələ də davam edəcək, amma yaşayış minimumu 13 faiz artırılıb. Bu məsələlərin təkmilləşdirilməsinə ehtiyac var ki, son nəticədə dövlətin sosial siyasəti əhalinin keyfiyyətli, layiqli, müasir tələblərə uyğun şəraitdə həyatını təmin etməsi üçün minimum mühiti formalaşdıra bilsin”.

Təhlilçinin qənaətincə, ehtiyac meyarının artırılmasının pensiya məbləğinə birbaşa təsiri yoxdur: “Hökumətin belə bir strategiyası var ki, yaşlılığa görə müavinətin həcmi ehtiyac meyarının 75-80 faizi arasında olmalıdır. Bugünkü göstərici təxminən bu meyara uyğundur. Amma 2023-cü ildə ehtiyac meyarının rəqəmi dəyişəcək. Bu da özlüyündə hökumət qarşısında yaşlılığa görə ödənilən müavinətin artırılması zərurətini formalaşdıracaq.

Aydındır ki, ehtiyac meyarı 246 manata qədər artırılırsa, bu, digər bütün müavinətlərin müvafiq olaraq yenilənməsi deməkdir. Həyat bahalılığı var. Buna uyğun olaraq da öyrənilən müxtəlif sosial müdafiə mexanizmləri çərçivəsində ödənilən bütün təqaüd və müavinətlər buna uyğunlaşdırılmalıdır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər