6 Dekabr 2022 11:19
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa İttifaqının Rusiyadan idxal etdiyi neftin hər barelinə 60 dollarlıq qiymət tavanı müəyyənləşdirməsi birjalara təsirsiz ötüşməyib. Hələlik bazarda ciddi volatillik müşahidə olunmasa da, dekabrın ilk günündən bəri bir bareli 90 dollara təklif edilən Brent markalı neftin qiyməti 83 dollaradək azalıb. Bu son 4 gündə neftin qiymətində 8 faizdən çox azalmanın olması anlamına gəlir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

İqtisadçı Səudiyyə Ərəbistanının da neft qiymətlərinə endirim tətbiq etdiyini vurğulayıb: “Yanvar təkliflərində “Saudi Aramco” Asiya üçün hər bareldə 2.20 dollar, “the Saudi” isə Avropa üçün 1.80 dollar qiymət azalmasına gedib. Bu, iri istehsalçıların neft bazarında baş verənlərə və eləcə də Qərbin qərarlarına priventiv reaksiyasından xəbər verir.

Çin karantin qaydalarını yumşaltsa da, “Sıfır COVID” siyasətinin davam edəcəyini bəyan edib. Bu isə o deməkdir ki, yaxın aylarda da Çində neftə olan tələb yüksəlməyəcək. Dünyanın ikinci ən böyük neft istehlakçısındakı qərarlar neft bazarına birbaşa təsir edən faktorlar sırasındadır. Bu baxımdan, 2023-cü il üçün də neftin dünya bazar qiyməti ilə bağlı proqnozlar hələlik nikbin deyil”.

Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan üçün neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyutanın həcmi baxımdan əhəmiyyətlidir: “Valyuta daxilolmalarının 80 faizi neft və neft məhsullarının payına düşür. Ölkəyə daxil olan valyutanın həcmi eyni zamanda milli valyutanın məzənnəsinə təsir göstərən faktorlardan hesab olunur. Bu baxımdan, ümumi həcmi azaltmadan ixracatda və fiskal gəlirlərimizdə neftin payının azaldılması daha da prioritetləşməkdədir”.


Müəllif: Yeganə Oqtayqızı