Qərbin Rusiya neftinə qoyduğu məhdudiyyətdən ən çox təsirlənən ölkələrdən biri də Türkiyə olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.
Nəşrə görə, Qara dənizdən gələn Rusiya neft tankerləri noyabrın 29-dan bəri İstanbul və Çanaqqala boğazları yaxınlığında lövbər salıb. Rəsmi Ankaranın bütün gəmilərdən yeni sığorta sənədləri istədiyi bildirilir.
Neft ticarəti qurumları və peyk görüntülərinə görə, keçməyi gözləyən təxminən 19 neft tankeri Boğazlar yaxınlığında sıxlıq yaradıb.
ABŞ Maliyyə Nazirliyinin rəsmisi Ankaranın yeni siyasətinin gəmilərin boğazlardan keçməsinə mane ola biləcəyini bildirib və narahatlıqlarını Türkiyə rəsmilərinə çatdırıblar.
Gəmiləri risklərdən sığortalayan “London P&I Club” Türkiyənin tələblərinin normal tələb olunan məlumatdan “çox kənarda” olduğunu açıqlayıb. Agentlik hətta sanksiyalar altında belə bir zəmanət vermənin mümkün olmadığını açıqlayıb.
Buna baxmayaraq problemin həlli üçün aidiyyəti qurumlarla müzakirələr davam etdirilir.