“Rusiya sülhməramlılarının nəinki QHT nümayəndələrinin, eləcə də digər Azərbaycan vətəndaşlarının müvəqqəti yerləşdiyi əraziyə daxil olmasına imkan verməməsi beynəlxalq hüquqa və ölkənin suverenlik prinsiplərinə ziddir. Üçtərəfli bəyanatda insanların hərəkəti ilə bağlı da hər hansı məhdudiyyət nəzərdə tutulmayıb”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının davam etdiyini bildirib:
“Ətraf mühitin qorunması ilə bağlı etiraz beynəlxalq hüquqa, BMT konvensiyalarına və eləcə də Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə uyğundur.
Bundan əlavə, Ağdərə rayonunda yerləşən qızıl bulaq mis-qızıl kolçedan yatağı Azərbaycanın ən böyük təbii ehtiyatlar ilə zəngin yataqlarından hesab olunur. Ehtiyatları 17,5 ton həcmində qiymətləndirilən yatağın işlənməsi ilə bağlı qərarı yalnız Azərbaycan dövləti ölkə qanunvericiliyi çərçivəsində həyata keçirə bilər. “Base Metals” MMC aldı erməni şirkəti 2013-cü ildən 2020-ci ilədək həmin yatağın mis-qızıl ehtiyatlarını talayıb.
Həmin müddətdə mədəndə hər ay 12 min ton filiz çıxarılıb və saflaşdırma kombinatında emal edilib. Konsentrat Ermənistana aparılıb, orada təkrar emal olunduqdan sonra tərkibində qızıl olan mis Avropa bazarına çıxarılıb. Bu şirkət Avstraliyanın “İnternational Base Metals Limited” şirkətinin törəmə müəssisəsidir və həmin ölkədə yaşayan erməni iş adamı tərəfindən qurulub. Yataqların mənimsənilməsi nəticəsində Azərbaycana dəyən ziyan yüz milyon dollarla ifadə olunur”.
Vüqar Bayramovun sözlərinə görə, son hadisə Zəngəzur dəhlizinin açılması məsələsini daha da aktuallaşdırır: “Ermənistan üçtərəfli bəyanatdakı öhdəliyini nə qədər tez yerinə yetirərsə, regionda stabillik o qədər tez əldə olunar. Azərbaycan bütün mövcud imkanlardan və hüquqdan istifadə edərək Zəngəzur dəhlizinin daha qısa zamanda istifadəyə verilməsinə çalışır və bu istiqamətdəki mövcud siyasət davam etdiriləcək.
Son proseslər bir daha təsdiq edir ki, regionun inkişafı birbaşa qarşılıqlı ərazi bütövlüyü və suverenliyini tanınmaqla sülh müqaviləsinin bağlanmasından keçir. Azərbaycan ordusu istənilən təxribata cavab vermək gücündədir və Ermənistandakı revanışt meyllər sadəcə onun üzləşdiyi problemləri dərinləşdirəcək.
Şuşa-Xankəndi yolundakı etiraz aksiyası bir daha göstərdi ki, Azərbaycanda milli həmrəylik və vətənpərvərlik kifayət qədər yüksəkdir və xalqımız xarici təhdidlərə hər zaman birgə cavab vermək əzmindədir”.