Dekabrın 10-dan 12-dək İstanbulda Türkiyyə İxracatçılar Məclisinin ev sahibliyi ilə “Sabahın dəyişən senarisi: mürəkkəbliyi dərk etmək və dialoqları inkişaf etdirmək” mövzusunda 5-ci Bosfor Sammiti keçirilib.
Teleqraf.com-un məlumatına görə, sammitdə Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini , gömrük xidməti general leytenantı Səfər Mehtiyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
Bu Zirvə toplantısının ilk iclası 21 ölkə ilə başlamış və son 4 ildə daha 55 ölkə qoşularaq cari toplantıda 70 ölkədən 1000-ə yaxın iştirakçılarla təmsil edən dünya liderləri, yüksək rütbəli dövlət məmurları, dünyanın tanınmış investisiya şirkətləri və 100-dən artıq özəl şirkətin rəhbərləri qatılıb. Eyni zamanda toplantıda Şahzadə Mohammad Al Faisal Al Saud, Böyük Britaniyanın keçmiş Maliyyə Naziri Lord Norman Lamont, Küveyt Şahzadəsi Şeyx Farihah Al Ahmad Al Jaber Al Sabah, Pakistanın sabiq baş naziri Şaukat Əziz iştirak ediblər.
Sammitdə investisiya imkanlarının araşdırılması, yeni bazar prinsipləri və İslam bankçılığı və dünyada dinamik dəyişən cəmiyyətin digər problemləri kimi məsələlər ilə bağlı dəyirmi masalar təşkil edilib.
Zirvə toplantısını Türkiyə Cümhuriyyətinin 11-ci Prezidenti Abdulla Gül açıb. Eks-prezident dünyada baş verən qlobal siyasi dəyişikliklərin iqtisadiyyata təsiri, İslam ölkələrinin iqtisadi inteqrasiya məsələləri və perspektivləri haqqında çıxış etmiş və 5-ci Bosfor Zirvə toplantısına uğurlar arzulayıb.
Daha sonra iclas işini dəyirmi masalar üzrə davam edib: “Son transformasiya mühitində Orta Asiya, Avropa və Şimali Afrikada inamlı və etimadlı iqtisadiyyatı necə qurmalı?”, “Qlobal ticarət və İnvestisiya şəraitində paradiqma və yeni dinamika”, “İnfrastruktur layihələrinin maliyyələşdirilməsi”, “G20-Dayanıqlı gələcək üçün qərarlar platforması”, “Dayanıqlı gələcəyin maliyyələşdirilməsi və Dünya Bankının gələcəyi” mövzularına həsr olunub.
Bu mövzular çərçivəsində iqtisadi böhran, ölkələrin inkişaf strategiyası, maliyyə koordinasiya sistemləri, investisiya fondunun idarə olunması, ödəmə sistemlərinin mövcud vəziyyəti və perspektivləri, rəqabət mühitinin formalaşdırılması və böyük ölkələrin iqtisadiyyatı kimi məsələlərə aydınlıq gətirilib. Eyni zamanda, son zamanlar dünyada enerji resurslarının idarə olunması prinsipləri və neft, neft məhsullarının ixracatının planlaşdırılması aktual problemlər kimi qeyd olunub. Üçüncü ölkələrin iqtisadi problemləri, iqtisadi böhranlarla qarşılaşmaq məsələləri və bu istiqamətdə siyasətin formalaşması bu günün əsas idarəetmə problemlərinə səbəb olub. Dəyirmi masalar zamanı Dünya Bankının və mərkəzi bankların araşdırmaları, sosial layihələrin maliyyələşdirilməsi prinsipləri, iqtisadi böhran şəraitində bank siyasəti kimi mövzular da yer alıb. Qeyd edilib ki, dünyanın dinamik inkişafı ilə bərabər pul dövriyyəsinin daha da artması həmin regionda yeni siyasətin formalaşmasına səbəb olub.
Qlobal maliyyə idarəçiliyində və ticarət dövriyyəsinin artırılmasında risklərin azaldılması əsas meyarlar kimi məruzəçilərin müzakirə məsələsi olub. Məruzələrdə qeyd olunub ki, pul transfer sistemləri, onun çevikliyi və iş prinsipi dünya iqtisadiyyatına böyük təsir imkanlarına malikdır. İqtisadiyyatda olduğu kimi keçən əsrin ödəmə sistemləri və pul köçürmələrinin sürətləri ilə müqayisədə bu müasir sistemlərə qoyulan tələblər çox fərqlidir. Ticarətin ödəmə və pul köçürmə sistemlərindən asılılığını azaltmaq əsas məsələlərdən biri kimi qiymətləndirilib. Bu səbəbdən Mərkəzi Bankların fəallığı və onların kredit siyasəti əsas məsələlərdən biri kimi qeyd edilib. Qeyd edilib ki, Mərkəzi Banklar tərəfindən böyük layihələri dəstəkləmək, Mərkəzi Banklar arası əməkdaşlıq və qlobal regional layihələrin birgə dəstəklənməsi hökumətlərarası əməkdaşlığın möhkəmlənməsinin əsasını təşkil edir.
Zirvə toplantısının 2-ci gün iclasını Türkiyə Cumuriyyətinin Baş Naziri müavini Ali Babacan açıb. Baş nazir müavini Türkiyyənin iqtisadi strategiyası, dünya iqtisadiyyatında baş verən dəyişikliklər və bu yaxınlarda Avtraliyada keçirilmiş G20 iclasında qəbul edilmiş proqram haqqında geniş məruzə ilə çıxış edib. G20 toplantısındakı 11 maddədən ibarət qəbul edilmiş proqramda əsas məqamları qeyd edən məruzəçi infrastruktur layihələrin maliyyələşdirilməsi, sənaye və enerji sektorlarına investisiya qoyuluşları, beynəlxalq ticarət əlaqələri çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq anlaşmaları, meşələrin və təmiz suların azalması risklərinin idarə olunması, iqlim dəyişikliklərin gələcəyə böyük problemlərə işarə verməsi, texnogen hadisələrin böyük miqdarda vəsaitlər tələb etməsi, yoxsulluğun azaldılması, kiçik və orta biznesin inkişafı, kənd təssərrüfatı və turizm sahələrinn inkişaf strategiyası və bu sahələrdə investisiya siyasəti , G20-nin gənclər siyasəti kimi məsələləri açıqlayaraq hər bir maddənin təhlilini göstərib. Eyni zamanda Çin və Braziliya ölkələrinin iqtisadiyyatı, Meksikanın son 10 ildə inkişaf etməsi, Avropada demoqrafik problemlər, Yaponiya və ABŞ-ın dünya iqtisadiyyatına təsiri haqqında danışıb.
Daha sonra Baş Nazir müavini Türkiyyə iqtisadiyyatının 20 il öncə və bu günkü vəziyyəti arasında müqayisəli təhlilini apararaq qeyd edib ki, Türkiyyə hökuməti arzu etdiyi iqtisadi inkişaf və demokratiya nöqtəsinə çatmaq məqsədilə 2008-ci ildən başlayaraq hər bir nazirlik üzrə inkişaf proqramı yaratmış və 2020-ci ilə qədər bu proqramın həyata keçirilməsində israrlıdır.
Zirvə toplantısı daha sonra panellər üzrə işini davam etdirib. Panellər əsasən aşağıdakı mövzulara həsr olunub: Sərhədsiz gənc qlobal liderlik, Gender problemləri, Türk-Ərəb dialoqları platforması, Beynəlxalq kontraktlar xidməti, Dayanıqlı iqtisadiyyat naminə infrastrukturların səmərəli investisiya siyasəti, Qətərdə investisiya qoyuluşunun üstünlükləri, Nəqliyyat və rabitə sahəsində yeni texnologiyalar, Mobil və M2M texnologiyası, Şəhərsalma və “ağıllı-şəhər”lərin yaradılması layihələrinə həsr edilib.
Bu panellərdə Türkiyə Nəqliyyat, Dəniz işləri və Rabitə naziri Elvan Lütfi və Marokko Nəqliyyat naziri Məhəmməd Nacib çıxış edib. Nazirlər dünyada İnsan-Maşın münasibətlərinin yenidən qurulması və “İnsandan Maşına” və “Maşından İnsana” keçmək strategiyalarını müəyyən edilməsinin zəruriliyini qeyd ediblər.
Naibə QURBANOVA