Türkiyədə kosmetika məhsullarına halallıq sertifikatı veriləcək.
Teleqraf.com xəbər verir ki, bunu Halal Akkreditasiya Agentliyinin (HAK) prezidenti Zəfər Soylu deyib.
O, Agentliyin 2019-cu ildən bəri ilk növbədə qida məhsullarının halal sertifikatını verən təşkilatlara akkreditasiya xidmətləri göstərdiyini bildirib:
“Hazırda Agentlik akkreditasiya çərçivəsində müxtəlif məhsul qrupları üçün 800-dən çox halal sertifikatı verir. Halal sertifikatı təkcə qida məhsulları ilə məhdudlaşmır. Xüsusilə kosmetika sənayesində halal sertifikatına ciddi tələbat var. HAK kosmetik məhsulları halal olaraq sertifikatlaşdıracaq təşkilatları da akkreditasiya əhatə dairəsinə daxil etməyə başlayıb”.
Soylu Türk Standartları İnstitutunun (TSE) ciddi müayinələr və yerində yoxlamalar nəticəsində kosmetik məhsullara halal sertifikatı verməyə səlahiyyətli olduğunu vurğulayıb: “Kosmetik məhsulları sertifikatlaşdıran təşkilatlar üçün İslam Əməkdaşlıq Təşkilatı (İƏT)/İslam Standartları və Metrologiya İnstitutu (SMIIC) yanaşmasına uyğun olaraq halal akkreditasiya xidmətləri göstərən qlobal əsasda ilk və hazırda yeganə səlahiyyətli olan HAK davam edəcək”.