“Tesla” və “SpaceX”in qurucusu İlon Mask “Twitter”də baş direktor vəzifəsindən istefa verib-verməyəcəyi ilə bağlı sorğu keçirir.
Teleqraf.com xəbər verir ki, sosial platformanın direktoru bu barədə özünün “Twitter” səhifəsində paylaşım edib.
“Twitter” rəhbəri vəzifəsindən istefa verməliyəmmi? Bu sorğunun nəticələrini qəbul edəcəyəm”, - deyə tvit atıb.
Mask sorğuya başladıqdan sonra “tvit ataraq”, ayrılmaq barədə ciddi olduğunu da əlavə edib: “Nə arzuladığına diqqət et, çünki onu əldə edə bilərsən”.
İş adamının təxminən 3 saat öncəki son paylaşımı da diqqətə çəkib: “Hakimiyyət istəyənlər ona ən az layiq olanlardır”.
“Twitter” CEO-nun təxminən 6 saat sonra sona çatacaq sorğusunda indiyədək 10 milyon 870 mindən çox insan səs verib, iştirakçıların 56,3 faizi Maskın getməsinə, 43,7 faizi isə davam etməyə üstünlük verib.
Əvvəlki saatlarda Maskın getməsini istəyənlərin nisbəti 58 faizi ötmüşdü.
Qeyd edək ki, oktyabrın 28-də “Twitter”i 44 milyard dollara satın alan İlon Maskın haqqında paylaşım edən bəzi jurnalistlərin hesablarını dondurması müzakirələrə səbəb olub.